SİRRİ AÇILMIŞ EKSPONATLAR


Bərpaçılıq sənəti mədəni sərvətlərin gələcək nəsillər üçün qorunmasına yönəlmiş müqəddəs peşələrdən biri, bəlkə də birincisidir. Bu müqəddəs peşənin nümayəndələri vaxtilə xalq ustaları, dahi sənətkarlar tərəfindən yaradılmış, daha sonra zamanın və s. təsiri ilə zədələnmiş, dağılmağa başlamış və hətta dağılmış mədəniyyət abidələrinin bir növ təbibin xəstəni sağaltmaq səylərinə bərabər fədakarlıqla, əsərin üzərində zərrə-zərrə, cərrah dəqiqliyi ilə işləyərək yenidən həyata qaytarılmasına nail olurlar. Ensiklopedik biliyə maliklilik, intuisiya, səbirlilik, dözümlülük, məsuliyyətlilik kimi keyfiyyətlər peşəkar bərpaçıya dahi sənət əsərlərinin ömrünü uzatmağa imkan verir.


Çətin ki, tamaşaçılar muzey zallarını gəzib incəsənət nümunələrini seyr edərkən əksər eksponatların muzeyə hansı vəziyyətdə daxil olduğunu fikirləşsin. Belə fikirlərin tamaşaçını narahat etməməsini təmin edən böyük peşəkarlar-bərpaçılar vardır.


Lakin bu incəsənət əsərlərinin hansı sirlərinin olması, hansı məlumatı daşıması hamını maraqlandırır. Bu sirlər isə çox vaxt məhz bərpa zamanı açılır.
Bərpaçılıq sənətinin tarixi orta əsrlərə gedib çıxır. Peşəkar bərpa məktəblərinin əsası isə XVII-XVIII əsrlərdə qoyulmuşdur. Azərbaycanda bu sənətin tarixi bir o qədər də çox deyil. Ötən əsrin 50-ci illərində əsası qoyulan bərpaçılıq məktəbinin davamı olan Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi yaşının bir o qədər də çox olmamağına baxmayaraq yarandığı vaxtdan bu günədək bir çox nailiyyətlərə imza atmışdır.
Təkcə 2009 və 2011-ci illərdə Milli Azərbaycan Tarixi Muzeyinin toplularında qorunan misilsiz mədəniyyət abidələrinin bərpası üçün elan etdiyi tenderdəki qələbəni və bu qələbənin nəticəsi kimi də həyata qaytarılan 1500-ə yaxın eksponatın yüksək səviyyədə bərpasını qeyd etmək kifayətdir. Əslində özündə tarixin keşməkeşlərini, bir çox sirləri gizlədən istənilən mədəniyyət abidəsinin müvəffəqiyyətlə bərpası, sirrinin açılmasının özü böyük bir uğurdur. Mərkəzinsə belə uğurları sonsuzdur.
Belə ki, 90-cı illərdə fransız rəssamı, məşhur barbizonçu Jül Düprenin, rus impressionizminin banilərindən sayılan Konstantin Korovinin, polşalı rəssam Yan Stıkanın, holland natürmort ustası Piter Klasın tablolarının sirri açılmış, şamaxılı sənətkar Məhəmmədkərimin (XVII əsr) özündə qədim miniatür və Avropa rəngkarlığını birləşdirən əsərlərinin tarixçəsi aşkarlanmışdır.
Ümumiyyətlə bərpa və konservasiya üçün Mərkəzə daxil olan hər bir eksponat haqqında ilk əvvəl geniş elmi araşdırılma aparılır, məlumatlar toplanılır. Bu məlumatlara əşyanın atribusiyası, istifadə məqsədi və s. daxildir. Lakin bəzən bu məlumatlar ya yarımçıq olur, ya təhrif olunmuş olur, ya da dəqiqləşdirməyə ehtiyacı olur. Bu məqsədlə Mərkəzdə eksponatın bərpası ilə paralel laborator analizi, elmi tədqiqi də aparılır.
2003-cü ildə Quba tarix-diyarşünaslıq muzeyindən Mərkəzə islamın çağırışçıları sayılan dərvişlərin əsas atributu olan kəşkül daxil olmuşdu. İlkin baxış zamanı qəlpələr şəklində olan kəşkülün mexaniki zədədən sındığı müəyyənləşdi. Bərpaya başlamazdan əvvəl kəşkülün hazırlandığı materialın qırmızı gil olduğu, daha sonra üzərinin ağ rəngli anqobla, naxışlandıqdan sonra isə qalın şirlə örtüldüyü aydınlaşdırıldı. Kəşkülün üzərindəki yazıların Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə birgə aparılan tədqiqi isə bu yazıların orta əsrlərə xas olan fars yazıları olduğunu və kəşkülün güman edildiyi kimi XVIII əsrə deyil, daha erkən dövrə -XIV-XV əsrlərə aid olduğunu müəyyənləşdirdi.


2011-ci ildə Milli Azərbaycan Tarixi Muzeyindən daxil qurama texnikalı tikmə isə özündə daha maraqlı məlumatlar saxlayırdı. Bu tikmənin bərpası zamanı onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə olan yazılar aşkarlandı. Bu yazılar 12 yanvar 1908-ci ildə “Nicat” maarif cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasının proqram-afişasını əks etdirirdi. Afişanın üzərində ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı 14 yanvarda oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi. Təəssüflər olsun ki, növbəti dəfə hansı tamaşanın olacağına dair yazılar itmişdi və bu yeni araşdırmalara meydan açırdı. Tədqiqatlar yazılarda anonsu keçən növbəti tamaşanın türk ədibi Şəmsəddin Saminin “Gavə” əsərinə (şair və publisist Səməd Mənsurun tərcüməsi və iştirakı ilə) hazırlandığını müəyyənləşdirdi.


Azərbaycanın ilk operasının yaranma tarixinin daha bir sübutu olan bu unikal abidə həm də tikmənin özü haqqında, onun da təxminən XX əsrin əvvəllərinə aid olduğunu müəyyənləşdirməyə imkan verir. İlk operanın birinci tamaşasının müjdəçisi olan bu ipək parça – proqram-afişa güman ki, hələ relikviyaya çevrilməmişdən əvvəl, bəlkə təsadüfən bəlkə də qəsdən bu tikməyə əlavə edilmişdir. Bu həm də əşyanın zəngin, ziyalı ailəsinə məxsusluğu ehtimalını doğurur. Çünki XX əsrin əvvəllərində teatra getmək imkanı daha çox zənginlərə və ziyalılara xas idi və ipək parça üzərində belə proqram afişalara daha çox onların evində rast gəlinirdi. Quramada istifadə olunan zərxara, ipək, atlas və s. kimi digər qiymətli parçalardan hissələr də bu fikri əsaslandırmağa imkan verir.


2012-ci ildə milli təsviri incəsənətdə realist dəzgah boyakarlığının yaradılmasına misilsiz töhfələr vermiş, portret və mənzərə janrının formalaşmasında böyük rol oynamış Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Bəhruz Kəngərlinin 120 illik yubileyinin qeyd olunması haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı sərəncamla əlaqədar Naxçıvan MR-də rəssamın muzeyində toplanmış rəsm əsərlərinə baxış keçirilməsi, bərpaya ehtiyacı olan əsərlərin müəyyənləşdirilməsi və bərpası məqsədilə Naxçıvan MR-in Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Mərkəzə müraciət daxil olmuşdur.
Ölkəmizdə teatr rəssamlığının banilərindən olan Bəhruz Kəngərlinin xalqımızın tarixi keçmişini və dövrün ictimai-siyasi hadisələrini dolğun əks etdirən zəngin irsinin bərpası kimi şərəfli vəzifəni layiqincə yerinə yetirmək üçün Mərkəzin əməkdaşları Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Naxçıvan MR-ə ezam olundular. Burada rəssamın bir çox əsərlərinə baxış keçirildi, “Gənc oğlanın portreti”, “İmamzadə”, “Naxçıvan toyu”, “Avtoportret”, “Naxçıvan gözəli”, “Naxçıvanda sərdabə” kimi rəsm əsərləri yerindəcə bərpa olundu, “Minarəsi dağılmış məscid”, “Nuhun qəbri”, “Ov itləri” əsərləri isə əsaslı bərpa üçün Mərkəzə gətirildi.
“Gənc oğlanın portreti” adlı rəsm əsəri bərpa olunarkən demontaj zamanı arxa hissəsindən rəssamın bu günə kimi məlum olmayan daha bir rəsm əsəri aşkar olundu. Bu, karton üzərinə sulu boyalarla çəkilmiş oğlan uşağının rəsmi idi və onun bərpa olunaraq muzeyə qaytarılması təkcə Bəhruz Kəngərli muzeyi üçün deyil, Azərbaycan təsviri sənət tarixi üçün də böyük bir töhfədir.


Bu gün respublikanın əksər muzeylərində özündə belə dəyərləri, tarixin bilinməyən sirlərini saxlayan çoxlu sayda incəsənət nümunələri, mədəni sərvətlər vardır və bu dəyərlərin aşkar edilməsi, araşdırılması, sirlərinin açılması təkcə sənətşünasların, alimlərin deyil, bərpaçıların da şərəfli vəzifəsidir. Çünki vaxtilə müəllif qələmindən, sənətkar əlindən çıxmış bu sərvətlərin yenidən yaranmaq ehtimalı yoxdur, dünənimiz, bugünümüz və sabahımız üçünsə onları qorumaq, saxlamaq hər birimizin müqəddəs borcudur.

Zərifə Məlikova

MSXƏEBM-nin direktoru,
əməkdar mədəniyyət işçisi, sənətşünas

Qeyd: Məqalə 2013-cü ildə “Mədəni həyat” jurnalında çap olunmuşdur.

 

1

2

3

4

5

Aprel 26, 2016

Geri