“HAMAM SANDIĞI” ZİYNƏT MÜCRÜSÜ


Azərbaycanda lap qədim zamanlardan hamama getmək mədəniyyəti formalaşmış, hamamlar insanların həyatında mühüm rol oynamışdır. Hamamdan məişətdə təkcə təmizlik məqsədilə ilə istifadə olunmamış, həm də müəyyən mərasimlər zamanı əhəmiyyət kəsb etmişdir. Qədim zamanlarda şairlər, dərvilşlər hamamlara yığışıb gözəl söhbətləri ilə hamam əhlini feyziyab edərdi. Analar oğlu üçün seçdiyi qızı ilk dəfə hamamda gözaltı edər, sonra ona elçi düşərdi. Toydan qabaq bəyin və ya gəlinin hamama aparılması isə bir ənənə halını almışdır.

Hamama gedən qadınlar bəzək əşyalarını, qızıllarını taxıb gedirdilər. Hamamda onları çıxardıb xüsusi mücrünün içərisində mühafizə edirdilər. “Hamam sandığı” adlanan xüsusi qablarda qadınlar xına, basma, kosmetik vasitələr gətirirdilər. Hamama çoxsaylı zinət əşyaları ilə gedən qadınlar bəzəkləri bu sandığlara yığaraq ağzına qıfıl vurur və hamamçıya təhvil verirdilər. Sizə təqdim etdiyimiz, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzin metal üzrə ali dərəcəli bərpaçı-rəssamı Rasim Cəfərov tərəfindən bərpa olunan “Azərbaycan Milli Xalça Muzeyi”nin toplusundan bədii metal nümunəsinin – XIX əsrin sonuna aid, və üzəri nəbati naxışlarla bəzədilmiş “Hamam sandığı” da bu qəbildəndir.

May 13, 2020

Geri