Şəhid Fərid Əsgərovun xatirəsinə həsr olunmuş tədbir


10 avqust 2021-ci ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Vətən uğrunda qəhrəmancasına şəhid olan Fərid Ərəstun oğlu Əsgərovun xatirəsinə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Vətən torpaqlarının azadlığa qovuşmasında şəhidlərimizin və qazilərimizin mühüm rolundan bəhs edilib.

2021-ci ilin iyun ayında şəhid Fərid Əsgərova məxsus isimliklər, əskinaslar və kiçik qeyd vərəqi bərpa məqsədilə mərkəzə daxil olmuşdur. Şəhidə məxsus əşyalar tez bir zamanda bərpa olunaraq ailəsinə təhvil verilib.  

Fərid Ərəstun oğlu Əsgərov 21.05.1996-cı ildə Nefçala rayonunun Qaçaqkənd kəndində hərbiçi ailəsində anadan olmuşdur. 2002-ci ildə Şəki şəhər 11 saylı tam orta məktəbində 1-ci sinifə başlamışdır. Atasının işi ilə əlaqədar olaraq 2007-ci ildə 5-ci sinifi bitirdikdən sonra Lənkəran şəhər 6 saylı liseydə 6-cı sinifə başlamış və 2012-ci ildə həmin liseydə orta məktəbi başa vurmuşdur.

            2013-cü ildə Lənkəran Dövlət Universitetinin İngilis dili fakültəsində təhsil alıb. 2017-ci ildə həmin universitetdən məzun olmuşdur. 2017-ci və 2018-ci illərdə Beyləqan ərazisində N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. Hərbi xidmətdən sonra Bakıda mühafizə idarəsində çalışıb. O, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılıb, oktyabrın 3-də cəbhəyə yollanıb. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edərək igidliklər göstərib. Noyabrın 4-də Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.

Avqust 10, 2021

Geri