Azərbaycanın ilk professional bərpaçı-rəssamı Fərhad Hacıyevin 95 illik yubileyinə həsr olunmuş “Nəsillərin görüşü...” adlı tədbir keçirildi.


8 oktyabr 2024-cü il tarixində MSXƏEBM-də Azərbaycanın ilk professional bərpaçı-rəssamı, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin banisi bərpaçı-rəssam Fərhad Hacıyevin 95 illik yubileyinə həsr olunmuş “Nəsillərin görüşü…” adlı tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Muzey və Daşınar Mədəni irs Sektorunun müdiri Könül Cəfərova, Mədəniyyət qazetinin müxbiri Lalə Azəri, MSXƏEBM-də 1970-1980-ci illərdə çalışan Fərhad müəllimin tələbələri əməkdar rəssam Natiq Səfərov, bərpaçı-rəssamlar Ələsgər Əliyev, Rühəngiz Əliyeva, Zemfira Əhmədova və Təranə Həsənova, hazırda Mərkəzdə çalışan tikmə üzrə bərpaçı-rəssam Bəstixanım Əliyeva, Qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva, xalça üzrə bərpaçı-rəssam Xatirə Əmirova, rəngkarlıq üzrə bərpaçı-rəssam Elmira Səfərova və Elmi-tədqiqat şöbəsinin müdiri Ülviyyə Şirinova və digər əməkdaşlar iştirak etdilər.
MSXƏEBM-nin direktoru, əməkdar mədəniyyət işçisi Zərifə Məlikova tədbirdə giriş sözü ilə çıxış edərək Fərhad Hacıyevin fəaliyyətinin yüksək qiymətləndirildiyini vurğulamışdır. Daha sonra Mərkəzin Elmi-tədqiqat şöbəsinin müdiri Ülviyyə Şirinova Fərhad Hacıyevin həyat və yaradıcılığı haqqında məruzə etdi. Məruzədə Fərhad Hacıyevin ilk bərpa etdiyi Qərbi Avropa rəssamlıq məktəbinin nümunəsi olan “Monastr apteki” tablosu və mühüm bərpa işlərindən biri İ.İ.Brodskinin çəkdiyi “Hacı Zaynalabdin Tağıyevin portreti” xüsusi qeyd olundu.
Tədbirin qonaqları Azərbaycanın ilk ali dərəcəli bərpaçı-rəssamı Fərhad İbrahim oğlu Hacıyev haqqında xatirələrini bölüşdülər.
Tədbir zamanı Fərhad Hacıyevin fəaliyyəti illərində çəkilmiş arxiv filmi və Elmi Bərpa Mərkəzinin tarixinin dünəni və bu gününə həsr olunmuş videoçarx izlənildi.
Sonda “Nəsillərin görüşü” adlı foto sərgiyə, MSXƏEBM-nin elmi arxivində toplanan Mərkəzin fəaliyyətinə dair nəşrlərə baxış oldu, xatirə şəkli çəkildi.

Oktyabr 08, 2024

Geri