“XİLAS EDİLMİŞ YADİGARLAR” I onlayn regional seminar keçirilib


  • CorelDRAW X5 Graphic

  • Слайд 1

Oktyabrın 27-də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “XİLAS EDİLMİŞ YADİGARLAR” I – işğaldan azad olunmuş ərazilərdəki muzeylərin bərpa olunmuş eksponatlarına həsr olunmuş onlayn regional seminar keçirilib. 

    Zoom proqramı vasitəsilə keçirilən onlayn seminarda Kəlbəcər Tarix – Diyarşünaslıq Muzeyi, Cəbrayıl Tarix – Diyarşünaslıq Muzeyi, Saatlı Tarix – Diyarşünaslıq Muzeyi və Xaçmaz Tarix – Diyarşünaslıq Muzeyinin əməkdaşları, həmçinin Mərkəzimizin əməkdaşları iştirak ediblər.

    Seminar işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizi yad etməklə başlayıb. Vətən müharibəsi zamanı sağlamlığını itirmiş qazilərimiz, dəyanətli ordumuz haqqında fəxrlə danışıldı.    

XX əsrin sonlarında mənfur qonşularımız olan ermənilərin törətdiyi vandallıq, terror zamanı ərazidən çıxarıla bilən eksponatların mərkəzimiz tərəfindən bərpa edildikdən sonra yeni həyat qazanması haqqında seminarın gedişatı zamanı danışıldı. Mərkəzimizin əməkdaşı sözügedən eksponatların bərpa prosesindən, fotolarından ibarət təqdimatla çıxış etdi.

   Təqdimatın ardından onlayn seminarda iştirak edən muzey əməkdaşlarına söz verildi. Onlar çıxışlarında eksponatların tarixi öyrənmək və yaşatmaq kimi önəmindən bəhs etdilər. Bu şərəfli yolda “muzey fədailərinin” və “sehirli toxunuşlu” bərpaçıların əməyinin əvəzsiz olduğu vurğulandı. Hər bir əməkdaş təmsil etdiyi muzeylərdən mərkəzimizə göndərilən çoxsaylı eksponatların “yeni həyat” qazandığından və bmuzeylərlə mərkəzimiz arasındakı əməkdaşlığın davamlı olacağından bəhs etdilər.

    “Artıq azad olunmuş ərazilərdən bərpa edilmək üçün mərkəzimizə çox sayda eksponatlar gətiriləcək. Dağıdılmış muzeylərimiz, mədəniyyət və elm mərkəzlərimiz daha müasir formada inşa ediləcək. Bu prosesdə mərkəzimizin də rolu olacağına əminik və böyük qürur hissi ilə fəaliyyətə keçəcəyik.” – fikri ilə seminar yekunlaşdı.

Oktyabr 29, 2021

Geri