XOCALI SOYQIRIMI – 30 İL


Bu il bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı faciəsinin 30-cu ili tamam olur.
Bununla əlaqədar, Prezident İlham Əliyev Xocalı Soyqırımının 30 illiyinə dair tədbirlər planını hazırlanıb, həyata keçirilməsi üçün sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, heç vaxt Azərbaycan xalqı bu soyqırımı yaddan çıxartmayacaq. Azərbaycan xalqı 1905, 1918, 1947,1948, 1988-ci ildə və digər zamanlarda ermənilər tərəfindən təcavüzkar hücumlara məruz qalıb. Bu hücumlardan biri də 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verdi. Erməni təcavüzkarları tərəfindən törədilmiş bu qətliam bütün respublikada olduğu kimi Elmi Bərpa Mərkəzində də hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd edilir və bu günə həsr olunmuş tədbirlər keçirilir. Belə tədbirlərdən biri bu gün “Xocalı soyqırımı – 30 il” adı altında tədbir mərkəzin əməkdaşları və məktəblilərin iştirakı ilə keçirildi. Əvvəlcə iştirakçılar “Ana fəryadı” abidəsini ziyarət edərək abidəyə qərənfillər qoydular və daha sonra tədbir mərkəzdə davam etdirildi.
Mərkəzin direktoru Zərifə Məlikova çıxış edərək, tariximizi unutmamağın vacibliyindən danışdı. Xocalı faciəsi zamanı yaşanan hadisələr yenidən xatırlandı. Uşaqlar Xocalı haqqında şeirlər söylədilər.
Tədbirin sonunda, məkrli düşmənin bütün səylərinə rəğmən, məqsədinə çata bilmədiyindən bəhs olundu. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi, qəhrəmanlıq və dəyanət nümayiş etdirərək, işğal altında olan torpaqlarımızı azad etdi. Bir daha xalqımızın heç bir müsibət yaşamaması diləyilə tədbir sonlandırıldı.

Fevral 24, 2022

Geri