MSXƏEBM-də 10 may 2024-cü il tarixində Ümummilli lider Heydər Əliyevin doğum günü və 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Heydər Əliyev və muzeylərimiz” adlı tədbir keçirildi.


Tədbirdə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin əməkdaşları iştirak edirdilər.
Tədbir Azərbaycanın və hər bir azərbaycanlının taleyində silinməz izlər qoyan dahi şəxsiyyət, xalqımızın Ulu Öndəri Heydər Əliyevə həsr olunmuş videoçarxla başlanıldı.
Daha sonra MSXƏEBM-nin direktoru, əməkdar mədəniyyət işçisi Zərifə Məlikova Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətimizin taleyinə təsir edən, onun suverenliyi uğrunda gördüyü işlərdən bəhs etdi.
Uzun illər muzey sahəsində səmərəli fəaliyyət göstərən, Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırılmasında xidmətləri olan əməkdar mədəniyyət işçisi Məhəbbət Mehdiyeva Ulu Öndərlə görüşlərinin xatirələrini bölüşərək, xalqımızın firavan, sülh və əmin-amanlıq şəraitində yaşamaqları üçün onun atdığı addımları tədbir iştirakçılarına bildirdi.
Mərkəzin elmi işlər üzrə direktor müavini İranə İbrahimova Beynəlxalq Muzeylər Şurasının bu ilki “Muzeylər, təhsil və tədqiqat” devizinə uyğun Mərkəz tərəfindən təşkil edilən təlimlər, istehsalat təcrübələri barədə məlumat verdi.
Sonda Mərkəzin Baş fond mühafizi Pakizə Almazova Ümummilli lider Heydər Əliyevin bütün sahələrə olduğu kimi, muzey sahəsinə də göstərdiyi xidmətlərini vurğulayaraq, muzey işçilərinə bəslədiyi qayğıkeş münasibətin xalqımızın tarixi, mədəni və ədəbi irsinin qoruyucusu muzeylərin, muzey işçilərinin həyatında silinməz iz buraxdığını qeyd etdi.
Tədbirin gedişatında Heydər Əliyevin təşəbbüsü və şəxsən iştirakı ilə təntənəli açılış mərasimlərini təqdim edən fotoşəkillərdən ibarət videoçarx, həmin muzeylərin kolleksiyalarına daxil olan eksponatların MSXƏEBM tərəfindən bərpa və konservasiyasına dair təqdimat, Mərkəzdə aparılan təlim, seminar, istehsalat təcrübələrini əks etdirən fotolardan ibarət təqdimatlar nümayiş etdirildi.

May 17, 2024

Geri