Unudulmaqda olan xalq yaradıcılıq nümunələrini necə dirçəltməli? - 25.noyabr.2015-cü il


 

Noyabrın 20-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzinin təşkilatçılığı ilə “Unudulmaqda olan xalq yaradıcılıq nümunələrini dirçəltmək” mövzusunda seminar keçirildi. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil ocaqlarının əməkdaşları, tanınmış sənət adamları, tələbələr iştirak edirdi.

Əvvəlcə Elmi-Metodik Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyev çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. Qeyd etdi ki, seminarın keçirilməsində məqsəd əsrlər boyu yaranmış xalq yaradıcılıq nümunələrinin təbliğ olunması, unudulmaqda olan sənətkarlıq nümunələrini bərpa edib dirçəltmək, onları gələcək nəsillərə ötürmək və yaşatmaqdır.
AMEA-nın Ədəbiyyat İnstitutunun direktor müavini, professor Məhərrəm Qasımlı “Novruz bayramı mərasimlərinin unudulmuş tarixi motivlərinin bərpasına dair” məruzə ilə çıxış etdi.
Bildirdi ki, qədim tarixə malik Novruz bayramı müxtəlif dövrlərdə təsirlərə məruz qalaraq dəyişikliklərə uğrayıb. Alim Novruz mərasimləri ilə bağlı yanlışlıqları aradan qaldırmağın, bu irsi düzgün şəkildə araşdırıb təbliğ etməyin vacibliyini qeyd etdi. Bildirildi ki, Novruz bayramı ilk dəfə rəsmi dövlət bayramı kimi 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyətində qeyd olunub.
Sovet dövründə bayrama yasaq qoyulub. Bayramın daha geniş və təntənəli şəkildə keçirilməsi Azərbaycanın müstəqillik dövründən başlayır.
Seminarda həmçinin xalçaçı rəssam Eldar Mikayılzadənin “Xalçanın Azərbaycan xalqının həyatında rolu”, Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanovun “Azərbaycan mətbəx mədəniyyətinin ənənələri”, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi Rizvan Qarabağlının “Qarabağ memarlıq abidələri” və Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzinin direktoru Zərifə Məlikovanın “Antik əşyaların bərpası haqqında” mövzularda məruzələri dinlənildi.
Mövzular ətrafında çıxışlar edildi, unudulmaqda olan xalq yaradıcılığı nümunələrinin qorunması üçün ayrı-ayrı qurumların fəaliyyətinin gücləndirilməsi təklifləri irəli sürüldü. Məruzəçilər tələbələri maraqlandıran sualları cavablandırdılar.

 

Noyabr 25, 2015

Geri