FƏALİYYƏT


Qədim  latın sözü olan «Restauratio» mənaca bərpa  etmək deməkdir. Amma qeyd edək ki, bərpa təkcə görkəmli  mədəniyyət  abidələrini qaytarmır, eyni zamanda  müxtəlif sənət  məktəblərinə və üslublarına xas olan bədii və texnoloji  vasitələri mahiyyətini hərtərəfli öyrənməyə, bu və ya digər  əsərin nə vaxt və kim tərəfindən yaradıldıcımı müəyyənləşdirməyə, onun korlanmasının səbəblərini üzə çıxarmağa imkan verir. 

   Bütünlükdə hər bir bərpaçının başlıca vəzifəsi sənət abidəsinin kolranmasının, dağılmasının qarşısını almaq, keçmişdə yaradılmış ecazkar nümunələrə ilkin  gözəlliyini qaytarmaqdır. Elə müasir  bərpaçılıqdan da əsas tələb müəllif əsərinin toxunulmazlığını qoruyub saxlamaqdır. Buna mümkün qədər nail olmaq üçün xüsusi emalatxana və labora­toriyalarda bərpaçı-rəssamlarla yanaşı-incəsənət tarixi, kimya, biolo­giya, dilçilik və arxeologiya üzrə mütəxəssislər də çalışırlar.
         Bərpa önü hər bir sənət əsəri və yaxud maddi – mədəniyyət nümunəsi davamlı və uzun tədqiqat silsiləsini keçir. Mütəxəssislər səylə mədəniyyət abidəsinin mövcud durumunu, yaranma tarixini və saxlama şəraitini öyrənir, vizual və laboratoriya baxışları keçirirlər. Laboratoriyada rəng qatının və onun çəkildiyi səthin analizi aparılır, rənglərin və onların birləş­diricilərinin tərkibini öyrənirlər. Elə rentgen, infraqırmızı və ultra­bənövşəyi şüalara məruz qalan əsərlərdə çox sirrlərini açırlar. Bütün  bunlardan sonra bərpa şurası son qərar verib əsərin bərpası  metodlarını müəyyənləşdirir. Bərpası nəzərdə tutulan mədəniyyət abidəsi ilə bağlı bütün atılan addımlar ardıcıllıqla  sənədləşdirilir. Təbii ki, sənətin müxtəlif sahələrinə aid olan əsərlərin hər birinin bərpa metodu da müxtəlif cür olur. Bu yanaşma monumental və dəzgah rəngkarlığında, tətbiqi sənətdə, qrafikada, eləcə də memarlıqda müəyyən mərhələlərdə yaxın olmaqla, həm də fərqlidir. 
   Dünyada mövcud olan çoxsaylı peşələrin mahiyyətinə görə geniş mənada bir-birinə oxşarlığı nə qədər çox olsa da, bərpaçılıq sənəti bu baxımdan da başqalarından fərqlənməkdədir. Onu yalnız canlılara bərk ayaqda can verən, «ikinci ömür» bəxş edən təbiblərlə müqayisə etmək, onlara oxşatmaq mümkündür. Fərqi bir ondadır ki,  təbib müasiri ilə göz-gözə qalmaqla onunla dialoqa girmək imkanındadırsa, bərpaçı bir qayda olaraq keçmişlə, tarixlə üz-üzə  qalmalı olur. Odur ki, xəyalən təfəkkürünün zənginliyinin köməkliyi və vasitəçiliyi ilə ötən əsrlərə qayıdır, həyata qaytarmağa hazırladığı cansız əşyanın özündə qanlı-qadalı tarixi yaşadan maddi-mədəniyyət nümunə­lərinin yarandığı mühitə, şəraitə qiyabi bələdçilik etməyə çalışır. Yalnız bundan sonra keçmiş sənətkarların gözlərinin nurunun əllərinin sehrinin, ürəyinin istiliyinin məhsulu olan ən müxtəlif funksiyalı əşyalarla «dərdləşə» bilir. Bu təmas və ünsiyyətdən sonra onun zahirən cansız görünən, əslində isə yaşantılara bələnmiş nümunələrin təbibsayağı dərdinə çarə qılmaq üçün real imkan yaranır.
    Azərbaycan bərpaçılarının fədakar əməyi neçə-neçə unikal sənət əsərinə «yeni həyat» qazandırmış, gələcək nəsillərin həmin gözəllik  qaynaqlarından zövq ala bilməsinə nail olunmuşdur. 
İndiyə qədər Elmi Bərpa Mərkəzində 10 mindən artıq müxtəlif muzey eksponatları  bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb. Onların sırasında tanınmış Qərbi Avropa və rus  rəssamların əsərləri, Şərq miniatürləri, Azərbaycan təsviri sənətinin tanınmış simalarının rəngkarlıq və qrafika əsərləri, dekorativ-tətbiqi sənət nümunələri vardır. Y. Sustermansın «F. Mediçinin portreti», A. Brouverin «Cərrahın yanında», İ. Samokişin «Döyüş», İ. Ayvazovskinin «Aylı gecə», V. Tropinin «Səyyah», Ə. Hüseynzadənin «Şeyxülislamın portreti», B. Kəngərlinin «Naxçıvanda məscid» əsərləri və s. bu qəbildəndir.
Elmi Bərpa Mərkəzi Bakının mərkəzi muzeylərindən sayılan L. Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan musiqi mədəniyyəti Dövlət muzeyi, C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və s. sənət və maddi-mədəniyyət saxlanclarından yüzlərlə bədii-estetik dəyərli eksponatları: xalça və  xalça məmulatlarını,  qrafika,  rəngkarlıqbədii metal,   keramika, saxsı, şüşəparça, geyim nümunələrini,   ağac məmulatlarını  bərpa və konservasiya edir.
Mərkəz Bakıda yerləşən muzeylərlə yanaşı rayon muzeyləri ilə də sıx əməkdaşlıq edir. Şəki, Quba, Neftçala, İsmayıllı, Xaçmas, Astara, Lerik, Qusar və s. rayon tarix – diyarşünaslıq muzeylərindən olan eksponatlar üzərində bərpa işləri aparılıb və bu proses indi də davam etdirilməkdədir.

Aprel 27, 2016

Geri