Sənədlərin zədələri və bərpası


Sənədlər həyatı boyunca müxtəlif kağız və mətn zədələri alır. Əsasən bu zədələr sənədlərin istifadəsi zamanı əmələ gəlir, belə ki, kağız köhnəlir, çirklənir, künclərdə yağ ləkələri əmələ gəlir və vərəqin kənarları cırılır. Bu zədələr tədricən genişlənir, nəticədə kağız və mətn hissələrinin məhv olmasına gətirib çıxarır. Sənədlərin fiziki vəziyyəti onların saxlanma şəraitindən asılıdır. Günəş şüalarının uzunmüddətli təsirindən kağız saralır, kövrəkləşir və mətn solur. Qeyd edək ki, sənədlər daha çox nəm və havası dəyişdirilməyən məkanlarda saxlanıldıqda zədələnir. Bu kimi məkanlarda saxlanma – qorunma sənədlərin nəmləşməsınə, kağızda ləkələrin əmələ gəlməsinə və mətnin müəyyən yerlərinin solmasına, ən təhlükəli hallarda isə kif göbələklərinin əmələ gəlməsinə səbəb olur. Hüceyrəzədələyici göbələklər kağızı zədələyir – cücərir və kağızların yapışmasına səbəb olur. Göbələklər ləkə ifraz edir, mətnin üzərini örtür, mətnin oxunuşu çətinləşir və əksər hallarda isə mümkünsüz olur. Bundan əlavə üzvü turşular göbələklərin həyat məhsuludur. Bunlar kağızı zədələyir, onu köhnəldir və sözün əsl mənasında əl vurduqda kağız ovulur. Kif göbələkləri ilə zədələnmiş sənədlər bərpadan əvvəl mütləq dezinfeksiyadan keçməlidir.

Onu da qeyd edek ki, sənədlərinin məhv olması yalnız xarici səbəblərdən deyil, hətta hazırlandığı materialdan da asılı olur.
XX əsrin birinci yarısında sulfat sellülozasından istehsal olunan ucuz növ kağızların tərkibində sulfat qrupları var ki, bunlar da oksidləşmənin mənbəyi kimi kağıza təsir edir. Bu oksidləşmənin nəticəsində vərəqin üzərində kiçik ləkələr əmələ gəlir və yaxud bütövlükdə vərəqin turşululuğunun artmasına səbəb olur: nəticədə kağız saralır, möhkəmliliyini, sınmaya davamlılığını itirir ki, bu da sənədin dağılmasına gətirib çıxarır.

XX əsrin əvvəllərində mürəkkəblərin və qələmlərin boyalarını rəngli anilin boyalardan alırdılar. Anilin rənglər asanlıqla suda yayılır və işıqda solur. Bu səbəbə XX əsrin birinci yarısının sənədlərinin çox zamanlar mətnin qüsurlarına rast gəlmək olur. Eyni dövrün sənədləri bir istehsal texnologiyasına aid olduğuna görə, eyni qüsurlara malikdirlər. Fərq yalnız dəymiş zədənin dərəcəsindən və sənədlərin saxlanma şəraitindən asılıdır. Zədələnmiş sənədlər bərpa və bəzən xüsusi saxlanma şəraiti tələb edir.
Bildiyimiz kimi bərpa çox zəhmət, müddət və maliyyə tələb edən işdir.Buna görə də bərpa işini planlaşdıraraq onun mürəkkəblik dərəcəsini nəzərə almaq lazımdır. Müəyyən dərəcədə bərpa işinin müffəvəqiyəti bundan da asılıdır.
Aşağıda sadalanan bir sıra proseslər sənədlərin bərpası zamanı işin tərkibinə daxildir. Beləliklə, bərpaçı – rəssam sənədlərin bərpadan əvvəl vəziyyətini – zədələrin dərəcəsini, görünüşünü, saxlanma vəziyyətini təyin edərək yazılı sürətdə təsvir edir,eksponatların fotoşəkilləri çəkilir. Bərpa tədbirlərin planı Mərkəzin Elmi Bərpa Şurasında təstiqləndikdən dərhal sonra bərpa prosesləri başlayir. Eksponatlar tozdan mexaniki üsulla təmizlənir, xüsusi dezkamerada kimyavi dezinfeksiyaya uğrayıllar, gərək varsa mətn öncədən müxtəlif reaktivlərlə bərkidilir, bəzən buxar və kompreslər istifadə etmək üsullarıyla köhnə əsasdan çıxarılaraq ilıq və soyuq vannalarda yuyulur,ləkələri təmizlənir,cırılmış hissələri bərkidilir,itirilmiş hissələri tamamlanır və xüsusi kağızlarla,yapışqanlarla konservasiya edilir. Qeyd edek ki, mətnin bərpası mətnin dağılma dərəcəsinən asılıdır.Boyük həcmli itkilərin bərpası nəzərə alınmır. Halbuki, müasir texnologiyalar və bərpa elminin nailiyyətləri tamamilə itirilmiş mətnin bərpasına yol verir.

Ülviyyə Şirinova

MSXƏBEBM-in elmi tədqiqat şöbəsinin mudiri,

qrafika üzrə bərpaçı-rəssam

 

1

2

3

4

5

Sentyabr 01, 2016

Geri