“XOCALI FƏRYADI”


 

“Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir.”

Heydər Əliyev

1988-ci ildən başlamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi tarixində ən ağır hadisələrdən biri Xocalıda baş vermiş soyqırım oldu. Bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər. Bu il Xocalı soyqırımının iyirmi beşinci ildönümü keçiriləcək.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi fevralın 22-də Azərbaycan Dövlət Kənd Təsərrüfatı muzeyi ilə birlikdə “Xocalı fəryadı” adlı tədbir keçirmişdir. Tədbiri giriş sözü ilə muzeyin direktoru Natiq Qurbanov açdı. O, 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsindən, öz miqyasına və dəhşətlərinə görə dünya tarixində analoqu olmayan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqlarının məqsədlərindən, Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq niyyətlərindən, mənfur düşmənin öz niyyətlərinə çata bilmədiklərindən danışdı.
Sonra Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin Elmi işlər üzrə direktor müavini Nairə Sadıxova çıxış edərək, bu faciə bütün Azərbaycan xalqına, ələlxüsus Xocalı sakinlərinə sağalmaz yaraların və mənəvi zərbələrin vurulmasından, qeyri bərabər döyüşdən, xocalıların igidliklə vuruşub düşmən qarşısında əyilməməsindən, xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazılmasından söhbət etdi.
Sonda tədbir iştirakçıları gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü Nazim Məmmədovun Xocalı faciəsinə həsr etdiyi rəsm əsərləri ilə yaxından tanış oldular və “Ümid” filminə tamaşa etdilər.

 

Fevral 22, 2016

Geri