12 aprel 2022-ci il tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin “Yeni tikilən və ya yenidən qurulan muzey binalarının ekspoziya və fondlarında muzey əşyalarının mühafizə problemləri I” mövzusunda onlayn sərgi-seminar keçirilib


  • Poster face ucun

           Maddi və mənəvi mədəniyyət abidələrinin qorunması və saxlanması hər bir muzeyin əsas prinsipidir. Bu gün muzey kollektivlərinin yaradıcılıq fəaliyyəti üçün bütün sahələrdə, o cümlədən muzey kolleksiyalarının təhlükəsizliyinin təmin edilməsində yeni perspektivlər açılır. Azərbaycan Respublikasının müasir qanunvericiliyinə uyğun olaraq, muzeylərə muzey əşyalarının və kolleksiyalarının müəyyən edilməsi, toplanması, onların saxlanması, öyrənilməsi və ekspozisiyalarda, sərgilərdə  müxtəlif formalarda təqdim edilməsi funksiyaları həvalə edilir. Respublika muzeylərində Azərbaycan və xarici ölkələrin xalqlarının mədəni həyatı, tarixi, elmi, texniki və s. aspektlərini əks etdirən maddi-mədəniyyət nümunələri qorunmaqdadır. Bu, muzey fondlarının zənginliyi və mədəniyyət abidələrini müxtəlif formalarda şərh etməyə qadir olan muzey mütəxəssislərinin formalaşmasını  zəruri edir və bu prosesdə həyata keçirilən mədəni-maarif tədbirlərinin, təlim, sərgi – seminar və s. nin  rolu böyükdür.  Bu baxımdan, 12 aprel 2022-ci il tarixində  Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin “Yeni tikilən və ya yenidən qurulan muzey binalarının  ekspoziya və fondlarında muzey əşyalarının mühafizə problemləri I” mövzusunda təşkil etdiyi, eyni zamanda ZOOM platformasında da yayımlanan  onlayn sərgi-seminar xüsusi əhəmiyyət daşıyır. Sərgi-seminarda  Şəmkir, Saatlı, Masallı, Beyləqan tarix-diyarşünaslıq muzeylərinin, MSXƏEBM-nin əməkdaşları ilə yanaşı, bu istiqamətin gələcək mütəxəssisləri  kimi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Muzeyşünaslıq fakultəsinin IV kurs tələbələri  iştirak   edirdi.

            Mərkəzin baş mühafizi İranə İbrahimova mövzu ilə bağlı çıxış edərək yeni tikilən və ya yenidən qurulan muzeylərə muzey  əşyalarının təxliyyəsi, yerləşdirilmə,  mühafizə və nümayiş  şərtləri,  habelə bu zaman  qarşıya çıxan problemlər  haqqında  məlumat verərək  mümkün  həll yolları ilə bağlı tövsiyələrini bildirdi. Daha sonra  mövzunun davamı üçün söz seminarda iştirak edən tarix – diyarşünaslıq muzeylərinin rəhbərlərinə verildi və onlar rəhbərlik etdikləri muzeylərin yenidən qurulan və ya yeni tikilən binalarında eksponatların mühafizə qaydalarından, bu yolda qarşılaşaşdıqları problemlərdən və tapdıqları həll yollarından bəhs etdilər.  Həmçinin, mərkəzin fəaliyyətindən, bərpaçılığın aliliyindən bəhs edərək, eksponatlara ikinci həyat bəxş etdikləri üçün bərpaçılara təşəkkürlərini bildirdilər.

            Daha sonra Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa mərkəzinin kimyaçı-mühəndisi Pərvin Sadıqova və bioloq-mühəndisi Arifə Fərhadova iştirakçıları maraqlandıran sualları cavablandıraraq öz tövsiyələrini verdilər.

            Seminar mərkəzin əməkdaşı Firuzə Mahmudovanın mərkəzdə müxtəlif muzeylərin toplularına məxsus  əşyaların bərpasından  bəhs edən təqdimatla davam etdi.

            Sonda tədbir  mərkəzdə bərpa olunan eksponatların fotolarından ibarət sərgiyə baxışla yekunlaşdı.

April 13, 2022

Back