MSXƏEBM “Mədəni irsi qorumaq naminə – 65” adlı regional sərgi-seminar keçirdi.


Xalqımızın zəngin mədəniyyət tarixini özündə təcəssüm etdirən muzey eksponatlarına yeni həyat bəxş edərək, mədəni irsimizin nəsillərdən-nəsillərə ötürülməsində müstəsna xidmət göstərən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin bu il fəaliyyətinin 65 illik yubileyidir. Mərkəz əlamətdar tarix ilə bağlı silsilə tədbirlər keçirməkdədir. Növbəti yubiley tədbiri kimi cari ilin 29 oktyabrında Xaçmaz tarix-diyarşünaslıq muzeyində Xaçmaz regional mədəniyyət idarəsi ilə birgə “Mədəni irsi qorumaq naminə – 65” adlı regional sərgi-seminar keçirildi. Sərgi-seminarda MSXƏEBM-nin əməkdaşları, Xaçmaz regional mədəniyyət idarəsinin və tabeçiliyində olan muzey müəssisələrinin nümayəndələri iştirak etdilər. İlk öncə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan MSXƏEBM-nin direktoru, əməkdar mədəniyyət işçisi Zərifə Məlikova seminar iştirakçılarını salamlayaraq Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin yarandığı tarixdən günümüzədək gördüyü işlərdən bəhs etdi. Daha sonra Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətinə həsr olunan videoçarx nümayiş etdirildi. Xaçmaz Regional Mədəniyyət İdarəsinin kommunikasiya meneceri Fərid Musayev çıxışında bildirdi ki, nəinki ölkəmizdə, Cənubi Qafqazda yeganə olan Elmi-Bərpa Mərkəzi artıq beynəlxalq bərpaçılıq məkanında yüksək professional vərdişlərin nümayişi ilə layiqli mövqe qazana bilib. Fərid Musayev qeyd etdi ki, Mərkəzlə Xaçmaz Regional Mədəniyyət İdarəsi arasında sıx əlaqələr mövcuddur və bugünədək idarənin tabeçiliyində olan muzeylərin 1000-ə yaxın eksponatı Elmi-Bərpa Mərkəzi tərəfindən bərpa və konservasiya edilmişdir.

Seminarda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin elmi işlər üzrə direktor müavini İranə İbrahimova Mərkəzdə bərpa prosesi zamanı eksponatlar üzərində aşkarlanan tarixi faktlardan bəhs edərək, muzeylərdə aparılan elmi araşdırmaların mühüm əhəmiyyətindən danışdı. Mərkəzin baş mühafizi Pakizə Almazova Elmi Bərpa Mərkəzi tərəfindən 28.000-ə yaxın maddi-mənəvi sərvətlərimizin bərpa və konservasiya edilərək öz doğma məkanlarına – muzeylərə qaytarıldığını qeyd etdi. O, həmçinin dövlətimiz tərəfindən muzey sahəsində aparılan islahatları, mədəni mühitin formalaşdığını və muzey işinin inkişaf etdirildiyini vurğuladı. Tədbirin gedişatında Quba tarix-diyarşünaslıq muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Məryəm Hacıyeva, Qusar tarix-diyarşünaslıq muzeyinin direktoru Xatirə Nağıbəyova, Xaçmaz tarix-diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, Şabran tarix-diyarşünaslıq muzeyinin direktoru Bəsti Məmmədova da çıxış etdilər.

Sərgi-seminarda Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən dövlətimizin tarixinin əbədi yaşadılması naminə bərpa və konservasiya etməklə mədəni, tarixi irsimizə yeni nəfəs verilmiş muzey eksponatlarının virtual təqdimatı izlənildi. Daha sonra uzun illər muzey sahəsində göstərdiyi xidmətlərinə görə Quba və Xaçmaz tarix-diyarşünaslıq muzeylərinin direktorları fəxri fərmanlarla, Qusar tarix-diyarşünaslıq muzeyi 40 illik yubileyi münasibətilə təbrik fərmanı ilə təltif olundular. Xaçmaz tarix-diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 65 illik yubileyi münasibətilə Mərkəzin rəhbəri Zərifə Məlikovaya xatirə hədiyyəsi təqdim etdi. Sonda Xaçmaz tarix-diyarşünaslıq muzeyinin ekspozisiyasına və MSXƏEBM tərəfindən təşkil edilən Xaçmaz regional mədəniyyət idarəsinin tabeçiliyindəki muzeylərin kolleksiyalarına aid bərpa, konservasiya olunmuş eksponatların foto sərgisinə baxış oldu.

October 31, 2022

Back