Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Zəfər gününə həsr edilmiş “44 günün Zəfəri” adlı tədbir keçirildi.


     Azərbaycanın otuz ilə yaxın davam edən düşmən işğalına son qoymaq və torpaqlarımızı  azad etmək uğrunda apardığı 44 günlük Vətən müharibəsindəki qələbəsindən iki il ötür.

     Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən hər il noyabrın 10-nu Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilir. Bu qələbəni bizə bəxş edən  qəhrəmanların xatirəsinin yaşadılması, qorunması hər kəsin vətənadaşlıq borcudur. MSXƏEBM şanlı qələbəmiz uğrunda canlarını fəda edən şəhidlərimizdən Fərid Əsgərov və Hətəmxan Quliyev kimi qəhraman oğulların xatirə əşyalarını bərpa edərək ikinci həyat bəxş etməklə bu şərəfli borcun öhdəsindən uğurla gəlmişlər.

     Qələbə tariximizdə ən önəmli yer tutan şəhidlərimizin tanıdılmasında, yaşadılması məqsədilə mərkəzimizdə 2 noyabr 2022-ci il tarixində Zəfər gününə  həsr edilmiş “44 günün Zəfəri” adlı tədbir keçirildi.

     Tədbirin fəxri qonaqları kimi şəhid Fərid Əsgərovun, şəhid Hətəmxan Quliyevin ailə üzvləri və canlı qəhrəmanlarımızdan biri olan qazi Ceyhun Ağayev iştirak etdilər.

     Şəhidlərin xatirəsinin  bir dəqiqəlik sükutla yad edilməsindən sonra MSXƏEBM-nin direktoru Zərifə Məlikova tədbir iştirakçılarını salamlayaraq, hər iki Vətən müharibəsində şəhid olmuş əsgərlərimizə, həyatlarını itirmiş vətəndaşlarımıza rəhmət diləyib, xalqımıza, ordumuza can sağlığı arzu etdi.

     Sonra Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşa və zəfərlə bağlı çıxışlarından ibarət videoçarxlar  izlənildi.

    Tədbir müddətində şəhid Fərid Əsgərov, şəhid Hətəmxan Quliyev haqqında videoçarxlar nümayiş etdirildi. Şəhidlərin ailə üzvləri onlarla bağlı xatirələrini paylaşdılar.

    Tədbirin fəxri qonaqlarından olan qazi Ceyhun Ağayev haqqında videoçarx izlənildikdən sonra, qazi müharibə günlərində keçdikləri yollardan, şəhid yoldaşlarından və müharibədən sonra qəhrəmanların tanıdılması, yaşadılması ilə bağlı aparılan işlərdən bəhs etdi.

     Şəhid Hətəmxan Quliyevin mərkəzimizdə bərpa olunmuş skripkası haqqında bərpaya daxil olarkən və bərpa zamanı proseslərin əks olunduğu videoçarx izlənildi. Sonra skripkanı bərpa edən bərpaçı-rəssamlar Gündüz Məmmədov, Natiq Baxışov, Xədicə Yambulatova skripkanı şəhidin xanımına təqdim etdilər.

     Daha sonra Azərbaycan əsgərlərinin cəbhə bölgəsində əyləncəli anlarını əks etdirən videoçarx nümayiş etdirildi.  

    Tədbir Şuşa şəhərində keçirilmiş “Vətəndən pay olmayır” festivalından fraqmentlərlə sona çatdı.

November 04, 2022

Back