Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş ədəbi tədbir


Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunmuş “Ey güli-süsən, səni bir natəvan çəkmiş məgər?” adlı ədəbi tədbir keçirilib.
Ey güli-susən, səni bir natəvan çəkmiş məgər?
Bir məhi-ali məqamə bəndivan çəkmiş məgər?
Yaradıcılığında hüznlü eşq qəzəllərinin xüsusi yeri olan, Azərbaycan ədəbiyyatının “dürrü yektası” Xurşidbanu Natəvanın anadan olmasının 190 ili tamam olur.
Adı dillərə əzbər olmuş, el arasında hörmətlə yad edilən, sevilən və haqqında gözəl rəvayətlər yaranan həssas şairə Xurşidbanu Natəvan 1832-ci ildə musiqiçilər və şairlər vətəni Şuşada, Qarabağın son hakimi Mehdiqulu xan Cavanşirin ailəsində dünyaya gəlmişdir. Ailədə “Dürrü yekta”, xalq arasında isə “Xan qızı” ləqəbi ilə çağırılmışdır.
Saray tərbiyəsi görmüş, dövrün tanınmış alim və sənətkarlarından dərs almış, mütaliə yolu ilə məlumatını dərinləşdirmiş, müstəsna hafizəyə malik olan Xurşidbanu Natəvan yaradıcılığa təxminən XIX əsrin 50-ci illərindən başlamışdır. İlk vaxtlar onun “Xurşid” imzası ilə yazdığı şeirlərin əksəriyyəti itib-batmış, yalnız cüzi bir hissəsi bizə gəlib çatmışdır. 1870-ci ildən etibarən şairə özünə “Natəvan” (köməksiz, zəif, xəstə) təxəllüsü götürərək, dərin məzmunlu qəzəllərini yaratmışdır.
Xan qızı Xurşidbanu Natəvan 1897-ci ildə Şuşada vəfat etmişdir və Ağdamda “İmarət” deyilən ailə qəbirstanlığında dəfn olunmuşdur.
14 mart 2022-ci ildə Xurşidbanu Natəvanının 190 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. Bununla əlaqədar olaraq, respublikada silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin cari ilin noyabr ayının 15-də keçirdiyi “Ey güli-süsən, səni bir natəvan çəkmiş məgər?” adlı ədəbi tədbirdir.
Tədbirdə mərkəzin əməkdaşları ilə bərabər qonaq qismində Məhəmməd Fizuli adına Əlyazmalar İnstitunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov, Azərbaycanın əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər namizədi Məhəbbət Mehdiyeva, Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova iştirak ediblər.
Tədbir Xurşidbanu Natəvanın obrazının canlandırıldığı “Üzeyir ömrü – Uzun ömrün akkordları” filmindən fraqmentlə başlandı.
Daha sonra Raqub Kərimov çıxış edərək, Xurşidbanu Natəvanın həyat və yaradıcılığı, şəcərəsi haqqında ətraflı məlumat verdi. Bir çox tarixi mənbələrdən, məktublardan, xatirələrdən toplanmış maraqlı faktları qeyd etdi.
MSXƏEBM-nin direktoru, əməkdar mədəniyyət işçisi Zərifə Məlikovanın çıxışında bildirdi ki, mərkəzə rəhbərlik etdiyi dövrdə Xurşidbanu Natəvana məxsus bir sıra muzey əşyaları mərkəzdə bərpa edilərək muzeylərə qaytarılmışdır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Sevinc Mikayılova çıxış edərək bildirdi ki: “görkəmli şairəyə məxsus əlyazmalar rəhbərlik etdiyi muzeyin toplusunda böyük dəyərlə qorunub saxlanılır. Dəfələrlə digər muzeylərin ekspozisiyalarında sərglənmişdir. Əlyazmalar hazırda İncəsənət muzeyində sərgilənməkdədir.”
MSXƏEBM-nin qrafika şöbəsinin müdiri Xatirə Tağıyeva dahi şairənin əlyazmalarını bərpaya qəbul edərkən üzərində aparılan araşdırmadan, bərpa prosesindən bəhs edərək, çıxışını Natəvanın “Könlüm” qəzəlinin misraları ilə sonlandırdı.
Azərbaycanın əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər namizədi Məhəbbət Mehdiyeva Xan qızı ləqəbli Natəvanın ədəbiyyat tariximizdə olan müstəsna rolundan bəhs edərək, bildirdi ki: “şairənin üslubu və dərin mənalı qəzəlləri iki əsrə yaxın müddət keçsə belə, yenə aktuallığını itirmir. Azərbaycan xalqı nadir xalqlardandır ki, hər əsrdə öz sözünü demiş, dünyada tanınmış savadlı və istedadlı qadın yazarlar, şairələr yetişdirmişdir.”
Mərkəzin direktor müavini İranə İbrahimova Xan qızı Xurşidbanu Natəvana məxsus geyimlərdən söz açaraq onların mürəkkəb bərpa prosesi haqqında məlumat verdi və bu prosesi əks etdirən videoçarx təqdim etdi.
Ədəbi tədbirin sonunda yenə “Üzeyir ömrü – Uzun ömrün akkordları” filmindən fraqmentdə Xurşidbanu Natəvan obrazının dilindən “Qərənfil” şeiri dinlənildi və Azərbaycan xalq artisti Samir Cəfərovun ifasında görkəmli bəstəkar Vasif Adgözəlovun bu şeirə bəstələdiyi mahnı səsləndirildi.

November 16, 2022

Back