Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Heydər Əliyevin 100 illik yubileyi və 18 may Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Heydər Əliyev – həmişəyaşar lider” adlı dəyirmi masa keçirilmişdir.


Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi cari ilin 16 may tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi və  18 may beynəlxalq muzeylər gününə həsr olunmuş  “Heydər Əliyev – həmişəyaşar lider” adlı dəyirmi masa keçirmişdir.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar Ulu Öndərin respublikaya rəhbərliyi dövründə muzey sahəsinə göstərdiyi diqqət və qayğısının təbliği, Heydər Əliyev irsinin tədqiqi və müasir muzey sahəsinin inkişaf  istiqamətlərinin öyrənilməsi idi.

Tədbirdə  Bakı şəhərində, həmçinin Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən muzey və muzeytipli müəssisələrin rəhbərləri, mədəniyyət, incəsənət xadimləri iştirak etmişlər.

Giriş sözü ilə çixiş edən MSXƏEBM-nin direktoru, əməkdar mədəniyyət işçisi Zərifə Məlikova tədbir iştirakçılarını və onlayn qoşulan qonaqları salamladı. Daha sonra respublikamızda, eyni zamanda respublikamızın hüdudlarında Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlərin əhəmiyyətindən, ölkəmizin muzey sahəsinə olan diqqətdən,  sahədə aparılan tərəqqi yollarından söz açdı.

Daha sonra Mərkəz tərəfindən hazırlanmış “Heydər Əliyev və muzeylərimiz” adlı videoçarx təqdim edildi.

 MSXƏEBM-nin baş mühafizi Pakizə Almazova Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə muzeylər şəbəkəsinin yaradıldığını, muzey sahəsinə xidmət edəcək təşkilatlar sırasında 1980-cı ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Emalatxanasının “Mərkəz” adlandırılaraq fəaliyyətinın genişləndirildiyini, bununla da  muzey işində inkişaf mərhələlərinin, muzey işi tarixinin çiçəklənmə dövrünün başlandığını xüsusilə vurğuladı.

Uzun illər muzey sahəsində çalışmış Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi, əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin muzey sahəsinə, xalqımızın mədəni irsinə olan diqqətini xüsusilə vurğulayaraq Ulu Öndərlə görüşlərindən və xatirələrindən bəhs etdi.

Daha sonra Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Ramil Orucəliyev  hələ 1999-cu ildə Heydər Əliyevin sağlığında yaradılan ilk muzeyin fəaliyyət istiqamətlərindən söz açdı. Muzeyin əsas fondunda 5000 eksponatın toplanıldığı, Ulu Öndərin həyatını, siyasi fəaliyyətini əks etdirən ekspozisiya zalları barədə məlumat verdi.

Tədbirin gedişatında Bakı şəhərindəki Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Cabbarlı, Yasamal Heydər Əliyev Mərkəzinin direktoru Naminə Ömərova, C.Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzar İbrahimova, Bəhruz Kəngərlinin ev-muzeyinin direktoru Səbinə Əlincəli  ümumilli lider haqqında xatirələrini bölüşdülər. Cəfər Cabbarlının ev- muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Qəmər Cabbarlı Heydər Əliyevin Azərbaycanın görkəmli şəxsiyyətlərinə qarşı  xüsusi diqqət və qayğısından, 1982-ci ildə Cəfər Cabbarlının ev-muzeyinin təntənəli açılışında Ulu Öndərlə olan xatirələrindən söz açdı.

Tədbirdə Heydər Əliyevin təşəbbüsü ilə yaradılan muzeylərin MSXƏEBM-də bərpa olunmuş  kolleksiyalarının “Bərpa olunmuş mədəni irsimiz” və “Əbədi lider” adlı təqdimatları nümayiş etdirildi.

May 18, 2023

Back