ACTIVITY OF THE CENTER


Qədim latın sözü olan «Restauratio» mənaca bərpa etmək deməkdir. Amma qeyd edək ki, bərpa təkcə görkəmli mədəniyyət abidələrini qaytarmır, eyni zamanda müxtəlif sənət məktəblərinə və üslublarına xas olan bədii və texnoloji vasitələri mahiyyətini hərtərəfli öyrənməyə, bu və ya digər əsərin nə vaxt və kim tərəfindən yaradıldıcımı müəyyənləşdirməyə, onun korlanmasının səbəblərini üzə çıxarmağa imkan verir.

Bütünlükdə hər bir bərpaçının başlıca vəzifəsi sənət abidəsinin kolranmasının, dağılmasının qarşısını almaq, keçmişdə yaradılmış ecazkar nümunələrə ilkin gözəlliyini qaytarmaqdır. Elə müasir bərpaçılıqdan da əsas tələb müəllif əsərinin toxunulmazlığını qoruyub saxlamaqdır. Buna mümkün qədər nail olmaq üçün xüsusi emalatxana və laboratoriyalarda bərpaçı-rəssamlarla yanaşı-incəsənət tarixi, kimya, biologiya, dilçilik və arxeologiya üzrə mütəxəssislər də çalışırlar.

Bərpa önü hər bir sənət əsəri və yaxud maddi – mədəniyyət nümunəsi davamlı və uzun tədqiqat silsiləsini keçir. Mütəxəssislər səylə mədəniyyət abidəsinin mövcud durumunu, yaranma tarixini və saxlama şəraitini öyrənir, vizual və laboratoriya baxışları keçirirlər. Laboratoriyada rəng qatının və onun çəkildiyi səthin analizi aparılır, rənglərin və onların birləşdiricilərinin tərkibini öyrənirlər. Elə rentgen, infraqırmızı və ultrabənövşəyi şüalara məruz qalan əsərlərdə çox sirrlərini açırlar. Bütün bunlardan sonra bərpa şurası son qərar verib əsərin bərpası metodlarını müəyyənləşdirir. Bərpası nəzərdə tutulan mədəniyyət abidəsi ilə bağlı bütün atılan addımlar ardıcıllıqla sənədləşdirilir. Təbii ki, sənətin müxtəlif sahələrinə aid olan əsərlərin hər birinin bərpa metodu da müxtəlif cür olur. Bu yanaşma monumental və dəzgah rəngkarlığında, tətbiqi sənətdə, qrafikada, eləcə də memarlıqda müəyyən mərhələlərdə yaxın olmaqla, həm də fərqlidir.

Dünyada mövcud olan çoxsaylı peşələrin mahiyyətinə görə geniş mənada bir-birinə oxşarlığı nə qədər çox olsa da, bərpaçılıq sənəti bu baxımdan da başqalarından fərqlənməkdədir. Onu yalnız canlılara bərk ayaqda can verən, «ikinci ömür» bəxş edən təbiblərlə müqayisə etmək, onlara oxşatmaq mümkündür. Fərqi bir ondadır ki, təbib müasiri ilə gö z-gözə qalmaqla onunla dialoqa girmək imkanındadırsa, bərpaçı bir qayda olaraq keçmişlə, tarixlə üz-üzə qalmalı olur. Odur ki, xəyalən təfəkkürünün zənginliyinin köməkliyi və vasitəçiliyi ilə ötən əsrlərə qayıdır, həyata qaytarmağa hazırladığı cansız əşyanın özündə qanlı-qadalı tarixi yaşadan maddi-mədəniyyət nümunələrinin yarandığı mühitə, şəraitə qiyabi bələdçilik etməyə çalışır. Yalnız bundan sonra keçmiş sənətkarların gözlərinin nurunun əllərinin sehrinin, ürəyinin istiliyinin məhsulu olan ən müxtəlif funksiyalı əşyalarla «dərdləşə» bilir. Bu təmas və ünsiyyətdən sonra onun zahirən cansız görünən, əslində isə yaşantılara bələnmiş nümunələrin təbibsayağı dərdinə çarə qılmaq üçün real imkan yaranır.

Azərbaycan bərpaçılarının fədakar əməyi neçə-neçə unikal sənət əsərinə «yeni həyat» qazandırmış, gələcək nəsillərin həmin gözəllik qaynaqlarından zövq ala bilməsinə nail olunmuşdur.

İndiyə qədər Elmi Bərpa Mərkəzində 20 mindən artıq müxtəlif muzey eksponatları bərpa və konservasiya olunub, muzeylərə qaytarılıb. Onların sırasında tanınmış Qərbi Avropa və rus rəssamların əsərləri, Şərq miniatürləri, Azərbaycan təsviri sənətinin tanınmış simalarının rəngkarlıq və qrafika əsərləri, dekorativ-tətbiqi sənət nümunələri vardır. Y. Sustermansın «F. Mediçinin portreti», A. Brouverin «Cərrahın yanında», İ. Samokişin «Döyüş», İ. Ayvazovskinin «Aylı gecə», V. Tropinin «Səyyah», Ə. Hüseynzadənin «Şeyxülislamın portreti», B. Kəngərlinin «Naxçıvanda məscid» əsərləri və s. bu qəbildəndir.

Elmi Bərpa Mərkəzi Bakının mərkəzi muzeylərindən sayılan L. Kərimov adına Azərbaycan xalçası və xalq tətbiqi sənəti Dövlət muzeyi, R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan musiqi mədəniyyəti Dövlət muzeyi, C. Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi və s. sənət və maddi-mədəniyyət saxlanclarından yüzlərlə bədii-estetik dəyərli eksponatları: xalça və xalça məmulatlarını, qrafika, rəngkarlıq, bədii metal, keramika, saxsı, şüşə, parça, geyim nümunələrini, ağac məmulatlarını bərpa və konservasiya edir.

Mərkəz Bakıda yerləşən muzeylərlə yanaşı rayon muzeyləri ilə də sıx əməkdaşlıq edir. Şəki, Quba, Neftçala, İsmayıllı, Xaçmas, Astara, Lerik, Qusar və s. rayon tarix – diyarşünaslıq muzeylərindən olan eksponatlar üzərində bərpa işləri aparılıb və bu proses indi də davam etdirilməkdədir.

Azərbaycan Milli İncəsənət Muzeyi
Bəylər məscidi
D.Mitrofanovun binası

May 18, 2019

Back