Elmi Bərpa Mərkəzi 27 sentyabr–Anım Günü ilə əlaqədar “Vətən müharibəsi xatirələrdə” adlı tədbir keçirilib


Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindən iki il ötür. 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsi başlamış, Ordumuzun sarsıdıcı zərbələrinə davam gətirməyən düşmən ordusu məğlubiyyətə uğramış, Azərbaycan bayrağı azad edilən torpaqlarımızda dalğalandırılmışdır.

44 günlük şərəfli döyüşdə ölkəmizin ərazi bütövlüyü uğrunda şücaət göstərmiş əsgər və zabitlərimizə, canlarını fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.

Bununla əlaqədar, 9 sentyabr 2022-ci il tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində «27 sentyabr–Anım Günü»nə həsr olunmuş “Vətən müharibəsi xatirələrdə” adlı tədbir keçirilib.

Tədbirdə II Vətən müharibəsi qaziləri Xalıqov Seyidəkbər Vaqif oğlu, Yasin Səməndərov, şəhid Nurzadə Rövşənin atası Azərbaycan Respublikasının xalq artisti Əli Nur, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin “Mədəniyyət” qəzetinin müxbiri Lalə Azəri və digər qonaqlar iştirak edib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb.

Daha sonra, Mərkəzin direktoru Zərifə Məlikova qonaqları salamlayaraq tədbir iştirakçılarına Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhid və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib. Sonra söz qonaqlara verilib.

Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Məhəbbət Mehdiyeva öz çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyi ilə möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığından, Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərin qəhrəmanlıqlarından bəhs edərək, 30 ildən bəri işğal altında olan şəhər və kəndlərimizin azad olunmasının, ölkəmizin ərazi bütövlüyünün bərpa ediməsinin, məcburi köçkünlərin köçkünlük həyatının sona çatması və doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasının müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu vurğulayıb.

Şəhid atası Azərbaycan Respublikasının xalq artisti Əli Nur Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən, müqəddəs yolda canlarını fəda edən, bizə böyük qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb.

Tədbirdə çıxış edən II Vətən müharibəsi qaziləri öz döyüş yolları , qazanılan möhtəşəm qələbə, 44 günlük müharibə haqda təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

Tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsində Qələbəyə həsr olunmuş “Zəfər” çıxışı və “Bayati-Şiraz” musiqi sədaları altında başa çatıb.

12 сентября, 2022

Назад