Muzey əşyalarının bərpa məsələləri və konservasiya üsulları. Arxeoloji parçalar.


Muzey işinin mühüm və gündəlik qayğısı ekspozisiyada və fondlarda mövcud olan eksponatların qorunmasıdır.
Muzey əşyalarının bərpa məsələləri və konservasiya üsulları bu nəzərdən muzey işcilərinin maraq dairələrindən biridir.
Çox zaman abidələrin saxlanma şəraitini yaxşılaşdırarkən muzey işçisi eksponatların təbii qocalma-köhnəlmə prosesinin qabağını ala bilmir. Hər bir eksponat öz daxili həyatıyla yaşayır. Eksponatın daxili həyatı: sənaye şəhərlərinin atmosferində olan ziyanverici qaz birləşmələri nəticəsində oksidləşmə prosesləri, parçaların, ağacın, dərinin, kağızın və s. əşyaların dayanmadan davam edən, temperatur-rütubət şəraitinin dəyişməsindən irəli gələn mexaniki hərəkəti, gözə görünməyən ultrafiolet  şüalarının və mikroorqanizmlərin dağıdıcı təsiridir.
İllər boyunca eksponatın əsasını dağıdan bu və digər,təbii proseslərin qabağını yalnız eksponatları kompleks emalı üsulu ilə almaq mümkündür. Kompleksə müxtəlif çox zaman individual konservasiya üsulları daxildir.
Konservasiyanın başlıca məqsədi – eksponatların ətraf mühitə davamını artırmaqdır.
Muzey əşyalarının əksəriyyəti zamanın təsirindən və saxlanma şəraitinə riayat olunmadığından dağılmaya məruz qalir.Belə hallarda artıq konservasiyadan əlavə, bərpa tələb olunur. Əşyanın ümumi görünüşü bərpa olunur, bu da eksponatın tarixi və bədii qiymətini təyin edir.
Muzey əşyalarının üzərində bərpa və konservasiya işlərini apararkən bərpaçı bir sıra mütləq şərtlərə riayat etməlidir:

  1. konservasiya komponentlərinin müxtəlif saxlanma şəraitinə və zamanın təsirinə müvafiq olması,
  2. əşyanın görkəminin toxunulmazlığı,olduğu kimi saxlanması (rənginin, quruluşunun, səthinin və s.),
  3. proseslərin təhlükəsizliyi və bərpa, konservasiyada istifadə olunan materialların inert, təsirsiz olması,
  4. eksponata qarşı istifadə olunan proseslərin dönmə qabiliyyətinə malik olması.

           Bərpa və konservasiyanın ən vacib prinsipi  —  iş prosesində səhvlərə,  müvəffəqətsizliyə yol verməməkdir. Belə bir prinsip, öz növbəsində, bərpa və konservasiya məsələlərində elmi yanaşma zərurəti yaradır. Eksponatın bərpa və konservasiya üsulunun seçilməsi üçün iş proseslərinə başlamadan eksponatın materialı üzərində laborator tədqiqatlar aparılır və bu tədqiqatlar əsasında bərpa və konservasiya üsulu seçilir. Bununla yanaşı, bərpa işində daha mükəmməl üsulların tətbiqi dayanmadan elmi-tədqiqat tələb edir. Hər bir işinə ciddi yanaşan bərpaçı, kimya, fizika, mikrobiologiya və s. elmlərin yeni nailiyyətlərindən xəbərdar olmalı və öz işində mümkün qədər bu nailiyyətlərdən istifadə etməlidir.
Qədim və arxeoloji tikmə və parçaların bərpa və konservasiyası bərpaçılıq təcrübəsində  ən mürəkkəb  işlərin sırasındadır. Bitki və heyvan mənşəli parçanın lifləri hər bir orqanik material kimi zamanin təsirinə kohnəlməyə məruz qalır.
Məlum olduğu kimi birinci növbədə parçalara dağıdıcı təsiri günəş işığı  göstərir. Bu barədə laborator tədgiqatlar aparılıb və metodik ədəbiyyatda məlumat verilir. Məsələn, ipək parça 568 saat günəş işığı altında insolasiyadan sonra (insolyasiya-vahid zamanda bir kvadrat santimetr yer səthinə Günəşdən düşən işıq enerjisinin miqdarı) —  ilk möhkəmliyinin cəmi 2% qoruyur, kağız parça — 61%, kətan – 71% , yun parça isə — 83,5% qoruyur. İnsolyasiyanın vaxtı artarsa parçanın dağılma sürəti daha da artır.
Arxeoloji parçalar torpaq altında günəş işığının təsirini görməsələr də onlar da öz növbələrində dağılır, çürüyür, toz  halına düşür. Onu  nəzərə alaq ki, məsələn, ipək parçasının qəbirdə, günəş işığı görmədən, dağılıb, çürüməsinə yüzilliklər tələb olunursa, günəş işığının altında bu proses –cəmi bir necə onillik tutur.
Parçaların dağılmasının digər səbəblərindən biri havanın nisbət nəmliyidir. Havada rütubət aşağıdırsa parçanın lifləri qurumaya məruz qalır və kövrəlir, əksinə yüksək rütubət parçanın möhkəmliyini azaldır və göbələklərin əmələ gəlməsinə səbəb olur.
Heyvan və yaxud bitki mənşəli olan parçalar adi şəraitdə heç zaman hərəkətsiz vəziyyətdə qalmırlar. Bu proses hiqroskopik rütubətin nəticəsi olan, liflərin bəzi fiziki xüsusiyyətləri ilə izah olunur. Liflərin hiqroskopikliy dedikdə parçanın ətraf havadan müəyyən miqdarda nəmliyi adsorbsiya etmək,udmaq və canında saxlamaq prosesi anlaşılır. Təqribi rütubətin fayızı çoxdursa adsorbsiya baş verir, əksinə təqribi rütubət azdırsa — desorbsiya, yənı nəmliyin havaya qaytarılma prosesi baş verir. Proseslər müxtəlif mənşədən olan parçaların lifləri və ətraf mühitin arasında rütubətin tarazlığ əmələ gələnə qədər baş verir.Həmin prosesləri tarazlaşdıran müəyyən təqribi rütubət və temperatur norma vahidləri mövcuddur. Bu normalara riayət edilirsə adsorbsiya və desorbsiya prosesləri bərabərləşir –bu da parçaların saxlanıb qorunmasına müsbət təsir göstərir. Belə ki, təqribi rütubət — 65%, temperatur +20 C — hiqroskopik rütubət: yun parçada(növündən asılı olaraq)tərkibində —  15 – 18 %;  ipək parçada – 11 %; pambıq parçada -8 %;kətan parçada – 8,5% — 12%  təşkil edir.
Hiqroskopik rütubət liflərin ayrılmaz tərkib hissəsidir. Parçanın fiziki — kimyəvi xüsusiyyətləri nəmliyin miqdar nisbətindən asılıdır. Hiqroskopik rütubət -70% dan yüksəkdirsə — liflər elastik, yumşaq qalır, eyni zamanda, parçanın üzülmə təhlükəsi artır və mikroorqanizmlərin, göbələklərin inkişafına əlverişli şərait yaranır.Yuxarıda qeyd olanları nəzərə alaraq muzey parçaları saxlanan və ekspozisiyada yerləşən otaqların təqribi temperaturu + 18 – 20 C ; nisbi rütubəti — 60-70% təşkil etməyi tövsiyə edilir.
Parçanın liflərinin başlanğıc dağılma mərhələsi yalnız xüsusi cihazlarla — dinamometrlə(mexaniki qüvvəni ölçən cihaz), mikroskopla ölçülür və liflərin möhkəmliyinin itməsi, tamlığının pozulması ilə xarakterizə edilir. Növbəti mərhələ — parçanın üzülməsi vizual üsulla müəyyən edilir.
Əvvəl xırda ölçüdə, adətən parçanın əsasına perpendikulyar, tək-tək üzülmələr əmələ gəlir. Sonra isə üzülmələr parçanı ayrı-ayrı saplarla bir birinə zəif bağlanmış, əski parçaları halına salır. Son mərhələdə — liflərdən yalnız narın toz ovuntusu qalır. Bu səbəblə arxeoloji qazıntılarda aşkarlanan  parçaların itməsini izah etmək olar. Parçalar qəbirlərdə özəklərin ətrafında və üzərində toza çevrilmiş halda tapılır.
Parçanın quruluşunu, rəngini və elastikliyini qorumaq şərti ilə arxeoloji parçanın konservasiyası, bərpa sahəsində çətin işlərdən biridir və bərpaçıdan yüksək professionallıq tələb edir.
Bu baxımdan maraq doğuran təcrübə kimi Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə Milli Azərbaycan Tarix Muzeyinin Arxeologiya fondundan daxil olan arxeoloji parçaların konservasiya və bərpa mərhələlərindən məlumat vermək istərdim.
Eksponatlar 1946 — 1949-cu illərdə Bakıda, Şirvanşahlar sarayının ərazisində və Mınqəçevir səhərində sovet arxeoloqları tərəfindən aparılan arxeoloji ekspedisiyalar zamanı tapılıb. X — XIV əsirlərə aid on iki eksponatın arasında — kəfən qalıqları, Şirvanşah İbrahim Xəlilullah xanın anasının qəbrindən çıxan — ipək paltarın qalıqları, üzərində basma naxışları və qızıl saplarla tikmələri mövcud olan xələt qalıqları, dəridən, naxışlı parçadan, tesma ilə bəzədilən uzunboğaz çəkmələrin(bərpada tədqiqatlar zamanı aşkarlanan)fraqmentləri var idi.
Eksponatlar bərpaya son dağılma təhlükəsi mərhələsində qəbul olunmuşdular. Gil və torpağın içində qutularda ilk, vizual baxışdan nə olduğunu təyin etmək mumkun olmurdu. Eksponatlar qurumuş və qəlpələnmiş halda olub ağacdan çıxmış qabığa bənzəyirdilər. Üstəlik, parçalar bükülmüş vəziyyətdə idilər və bu bükukləri parçalara zərər vurmadan açmaq mümkün deyildi. Yüngülcə bir toxunmadan parçalar toz halına çevrilirdi.
Çoxsaylı, müxtəlif tədqiqatlardan sonra  mərkəzin işçiləri hər arxeoloji  eksponat ucun ayrı-ayrılıqda individual texniki bərpa diaqramı tərtib etdilər, dezinfekləşdirici, bərkidici, konservləşdirici məhlulların resepturası,hazırlama üsullarının məcmusu dəqiqləşdirildi, yeni əsas üçün təbii parçalar seçilərək və təbii boyalarla uyğun rənglərə boyandı.
Arxeoloji parçaların bərpa və konservasiya prosesləri aşağıda sadalanan nöqteyi-nəzərinə əsaslanaraq yerinə yetirildi:

  1. İpliyin bəzi itirilmiş fiziki –kimyəvi (hiqroskopiklik, möhkəmlik, elastiklik və s. kimi)  xüsusiyyətlərinin bərpası və nəticədə liflərin təbii dağılma prosesinin dayandırılması.
  2. İpliyin üzərinə, ətraf mühitin və havanın təsirindən müdafiə edən, qoruyucu layın vurulması.
  3. Parçanın mümkün qədər səthi və dərin çirklərdən təmizlənməsi.
  4. Fraqment halında olan parçaların yeni əsasa yapışdırılması, itirilmiş hissələri yenisi ilə əvəz etməmək şərti ilə, bərpa -konservasiyası.
  5. Parçanın fakturasının qorunması.

Hər bir effektli bərpanın tərkibində, eyni zamanda, konservasiya elementləri də olur. Belə ki, arxeoloji parçanın bərkidilməsi xüsusi sorbitivlərlə adsorbsiya(cisimlər səthinin mayeləri udması)prosesinin üzərində quruldu.
Toxuculuq sənayesində ipliyin şlixtlənməsi(şlixta- əsasın yapışqanlaşmasında istifadə olunan yapışqan) və appretlənməsində(appret — parçanın yumşaltma, möhkəmlik,elastiklik məqsədi ilə üzərinə vurulan maddə) iki növ adsorbsiya istifadə olunur. Birinci halda məhlul liflərin quruluşuna yayılıb daxili qoruyucu və bərkidici lay yaradır, ikinci halda isə, əsasən liflərin səthinə çökən yapışqan xarici qoruyucu lay yaradır.
Parçaların keyfiyyətindən asılı olaraq qoruyucu layın yaradılma və yapışqanlaşma proseslərini eyni zamanda və yaxud ayrı-ayrılıqda aparmaq olar.
Birinci üsul üçün, arxeoloji parçaların bərpa və konservasiyasında, komponentləri üç funksiya yerinə yetirən universal yapışqan seçildi:
1)liflərin bərkidilməsi məqsədilə liflərin strukturuna hopan ;
2)liflərin  üzərində qoruyucu lay yaratmaq məqsədilə üzünə çökən;
3)bərpa olunan parçanı yeni əsasa yapışdıran.
Bunları nəzərə alaraq, toxuculuq termini ilə “slixtappert” adlandırılan yapışqanın tərkibinə aşağıdakı maddələr daxil oldu:
a)yapışqanlaşdırıcı; b)yumşaldıcı və hiqroskopik; c)həlledici; d)antimikoloji.
Yapışqanlaşdırıcı maddələr liflərə hopub onları yapışdırıb, bərkidir, parçanın səthində lifləri ətraf mühitdən izolyasiya edən və işıq şüalarını səmərəli şəkildə qaytaran nazik qoruyucu təbəqə yaradır, nəticədə — parça parlaq, insolyasiyaya davamlı olur.
Yumşaldıcı və hiqroskopik maddələr lifləri yumşaldır, elastik edir, qoruyucu təbəqənin tökülməsinə və qurumasına yol vermir.
Həlledici maddələr-parçanın səthinin müntəzəm şəkildə hopdurmasını təmin edirlər bu da yapışdırma, yapışqanlama və appretləşmə prosesləri üçün əhəmiyyət kəsb edir.
Antimikoloji maddələr-göbələklərin əmələ gəlməsindən, kif basmadan qoruyur.
Təcrübi yollarla  təyin edildi ki, yapışdırma prosesi — parçanın quru çəkisinə nisbət yapışdırıcı maddələrin təxmini 10%-nı tələb edir.
Bərpa və konservasiya prosesləri xüsusi konstruksiyalı masanın üzərində aparıldı.
İşin səmərəli və keyfiyyətli alınması üçün, bərpa prosesləri aparılan otaq hava dəyişmə sistemi ilə təchiz olundu. Onu da qeyd edim ki, quruma prosesi tədricən, adı –normal  şəraitdə keçirildi:  temperatur  =  + 15 C  +18 C, təqribi rütubət -60 -65%.
Bərpa və konservasiyanın mərhələləri tam bitdikdən sonra, eksponatlar tərkibində turşuluq olmayan kartondan xüsusi qutulara yerləşdirildi və abidələrin saxlanmasına dair tövsiyələr verildi.
2009 ilin ərzində Muzey Sərvətlərinin və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin bərpaçı-rəssamları tərəfindən Milli Tarix Muzeyinin fonlarından 200-dən artiq — etnoqrafik-tikmə, xalça, metal və arxeoloji- sümük, tunc, dəmir, gümüş, şüşə, dəri, parça və s. eksponatlar bərpa və konservasiya edilmişdir.
2010-cu ilin fevral ayında eksponatların bir qismi,həmçinin arxeoloji parçalar,Milli Azərbaycan Tarix Muzeyində “Bərpa olunan Muzey eksponatları” sərgisində numayiş etdirilmişdir.
Bu gün Azərbaycanın  muzeylərində minlərlə bərpa və konservasiyaya ehtiyacı olan eksponatlar mövcuddur.
Xalqımızın zəngin bədii –tarixi irsi, dəyərli mənəvi və maddi sərvətləri — işində incədən incəni seçən, işini həssaslıqla, peşəkarlıqla, keyfiyyətlə həyata keçirən yüksək dərəcəli mütəxəssislərin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm nazirliyinə tabe olan Muzey Sərvətlərin və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin bərpaçı-rəssamlarının qayğıkeş əllərini gözləyir.

 MSXƏBEBM-in elmi tədqiqat şöbəsinin mudiri

02 мая, 2016

Назад