Mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin anadan olmasından 125 il ötür
Mühacir ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəylinin anadan olmasından 125 il ötür və bu əlamətdar gün bir sıra muzey və mədəniyyət müəssisələri tərəfindən onun xatirəsinə həsr olunmuş müxtəlif tədbilərlə qeyd edilir. Sevindirici haldır ki, Mərkəzimizdə bərpa olunaraq “ ikinci həyat” verilən nadir eksponatlar içərisində C. Hacıbəylinin vaxtilə qardaşı, dahi bəstəkar Üzeyir bəylə yazişmaları da var. Onlardan birində – 1912 – ci ilin avqustunda əski əlifba ilə yazdığı məktubda Ceyhun bəy Üzeyir bəyə ev qayğıları və Peterburq səfəri haqqında məlumat verir.
Arxiv sənədlərindən bəllidir ki, Üzeyir bəyin məşhur “Leyli və Məcnun” operasının yaranmasında Ceyhun bəyin də yaxından köməyi olmuşdur. Ceyhun bəy arxiv sənədləri arasında saxlanılan “İlk Azərbaycan operası necə yaranmışdı” adlı xatirə yazısında Üzeyir bəy tərəfindən yazılan “Leyli və Məcnun” operasının yaranmasında bəstəkara yaxından kömək etdiyini və 12 yanvar 1908-ci ildə göstərilən ilk tamaşada İbn Səlam və Nofəl rolunda ilk dəfə səhnəyə çıxdığını bildirir. Mərkəzimizdə Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına məxsus qurama texnikalı tikmənin bərpası zamanı, onun demontaj edilmiş bir hissəsində ipək parçanın üzərində həm əski əlifba, həm də köhnə kiril əlifbası ilə aşkarlanmıış yazılar bu parçanın həmin tamaşanın ipək üzərindəki proqram-afişadan olduğunu göstərirdi. Proqram afişada 12 yanvar 1908-ci ildə “Nicat” maarif cəmiyyəti tərəfindən həvəskar aktyorların Hüseyn Ərəblinskinin rejissorluğu və müəllifin nəzarəti ilə müsəlman səhnəsində ilk dəfə olaraq Üzeyir Hacıbəyovun “Leyli və Məcnun” operasının ilk tamaşasının oynanılacağı, ilk tamaşada rolları ifa edən aktyorların adı, rejissorun adı və s. ilə yanaşı 14 yanvarda oynanılacaq növbəti tamaşanın anonsunu əks etdirən yazılar da var idi. Təəssüflər olsun ki, növbəti dəfə hansı tamaşanın olacağına dair yazılar itmişdi. Araşdırma nəticəsində yazıları proqram afişanın kağız nüsxəsi ilə tutuşdurduqdan sonra anonsu keçən növbəti tamaşanın türk ədibi Şəmsəddin Saminin “Gavə” əsərinə (şair və publisist Səməd Mənsurun tərcüməsi və iştirakı ilə) hazırlandığını müəyyənləşdirdik. Bu afişanın üzərində Uzeyir Hacıbəyli ilə yanaşı Ceyhun Hacıbəylinin də adı əks olunmuşdu.
Fevral 03, 2016
Geri