QƏHRƏMANLAR DIYARI


 

QƏHRƏMANLAR DIYARI

“Azərbaycan xalqı sülhsevər xalqdır. Hitler faşizminə qarşı müharibədə xalqımız sülhsevərxalq kimi sülhü, əmin-amanlığı qorumaq,bəşəriyyəti faşizmdən xilas etmək üçün döyüşə qalxmışdı. Azərbaycan xalqı bu gün də yalnız öz ərazisini, torpaqlarını, Vətənini, dövlətinin müstəqilliyini qorumaq naminə döyüşür, vuruşur.Biz müharibə istəmirik. Biz müharibə tərəfdarı deyilik. Biz heç kəsin torpaqlarına göz dikməmişik. Ancaq öz torpaqlarımızı da heç kəsə verməyəcəyik.”

Heydər Əliyev

9 May 2016-cı il – faşizm üzərində qələbənin 71-ci ildönümüdür. 1941-1945-ci illəri əhatə edən və tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan bu müharibə Azərbaycan xalqından da yan keçməyib. Böyük Vətən müharibəsində Azərbaycan xalqının igid oğul və qızları öz qəhrəmanlıqları ilə əbədi şöhrət qazanmışlar. Müharibənin elə ilk günlərindən Azərbaycan oğullarının qəhrəmanlığı haqqında xəbərlər xalqımızda qələbəyə böyük inam yaradırdı.

Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 min əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.

Faşizm üzərində qələbənin 71-ci ildönümü ilə əlaqədar Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində tədbir və fotosərgi keçirildi.
Təqdim olunan bu fotosərgidə mərkəzimizdə illər ərzində bərpa edilmiş müharibə illərini və eləcə də, o dövrü əks etdirən nadir muzey əşyalarının bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətlərini göstərən fotolar nümayiş olundu. Sərgiyə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi,“Bacım Hürriyyətin şəkli” adlı rəsm işi, cəbhədən göndərdiyi məktubu, 2 dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanova məxsus geyim nümunəsi, xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş bir sıra işləri eləcə də, həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, xalq rəssamlarımızın, ədiblərimizin, bəstəkarlarımızın ağır müharibə illərinə baxmayaraq fəaliyyətlərini davam etdirmələrini əks etdirən faktlar daxildir. Həmçinin, tədbirə gələnlər Azərbaycan İstiqlal muzeyindən mərkəzimizə qəbul olunan Sovet Azərbaycanının 416-cı milli atıcı diviziyasının bayrağının və İkinci Dünya müharibəsi zamanı əsgərlərimizin cəbhədən gələn məktublarının hazırda gedən bərpa prosesini izlədilər.

kinci Dünya müharibəsində Azərbaycan övladlarının qəhrəmanlıq və şücaəti heç vaxt yaddaşlardan silinməyəcək.
Xalqımızın qəhrəman oğulları yalnız İkinci Dünya müharibəsində deyil, bütün tarix boyu Vətənləri uğrunda şücaətlər göstərmişlər. Mənfur düşmənlərimiz yenə öz xain niyyətlərindən əl çəkmirlər. Bu ilin aprel ayından etibarən cəbhədə baş verən hadisələr də bunu bir daha təsdiqləyir. Vətən sevgisi və igidlikləri ilə heç də Mehdi Hüseynzadə, İsrafil Məmmədov kimi qəhrəmanlardan geri qalmayan əsgərlərimiz mübarizcəsinə vuruşaraq şəhid olublar.

Tədbirin sonunda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Aqil Abbasın Qarabağ mövzusunda yazdığı “Dolu” romanının motivləri əsasında çəkilmiş eyniadlı filmə baxıldı.

 

 

1

May 09, 2016

Geri