26 Avqust – BEYNƏLXALQ AZƏRBAYCAN MUĞAMI GÜNÜDÜR!
Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu Üzərində Yerləşən Ölkələrin Musiqisi Günü kimi qeyd olunur. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün əziz bayramdır. Azərbaycan muğamının müasir tarixində ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli silsilə tədbirlər müstəsna rol oynayır. YUNESKO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.
Azərbaycan xalqının musiqiyə olan məhəbbəti onun qeyri-adi musiqi istedadından irəli gəlir. Qədim zamanlardan başlayaraq müxtəlif dövrlərdə yaradılmış zəngin musiqi irsi, Azərbaycan xalqının hər bir nəslinə xas olan genetik istedadın sübutudur. Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi alətlərimiz uzun tarixi inkişaf yolu keçərək ənənəvi musiqi ifaçılığının və yaradıcılığının bir çox cəhətlərini bu günümüzə gətirib çatdırmışdır. Onlar musiqi mədəniyyətimizin keçmişi ilə gələcəyini əlaqələndirən elementlərdəndir.
Bu gün də səslənən ənənəvi musiqi və musiqi alətləri Azərbaycan milli musiqi təfəkkürünün, bədii yaradıcılığının əsas xüsusiyyətlərini əks etdirir. Lakin təəssüflə demək lazımdır ki, mədəni irsimizin böyük bir hissəsi müxtəlif səbəblərdən unudulmuş, dövrümüzə gəlib çatmamışdır. Bu daha çox müxtəlif dövrlərdə istifadə edilmiş zəngin musiqi alətlərinə aiddir. Eramızdan çox-çox əvvəllərə aid edilən zərb, nəfəs və simli musiqi alətlərinin çoxsaylı növləri tarix boyu inkişaf etmiş, təkmilləşmiş və milli musiqi xəzinəmizin əsasını təşkil etmişdir. Bu xəzinənin inciləri əsrlər boyu xalqımızın mədəni inkişafına və yaradıcılıq fəaliyyətinə xidmət etmiş, onun məişətinə, adət-ənənəsinə bəzək vermişdir.
Bu gün Azərbaycan muzeylərinin toplularında musiqi alətlərinin bir çox nümunələri qorunub saxlanmaqdadır. Lakin təəssüflər olsun ki, zamanın təsiri ilə , o cümlədən ehtiyatsızlıqdan onların əksəriyyəti öz əvvəlki görkəm və funksiyalarını itirmişlər.
Son illər Muzey Əşyalarının və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində respublikanın müxtəlif muzeylərindən daxil olan musiqi alətlərinin tarixi tədqiq olunur, öyrənilir, alətlərin ölçüləri, materialın növü, hazırlanma və quraşdırılma texnologiyası araşdırılır. Toplanmış materiallar əsasında musiqi alətlərinin əvvəlki görkəmləri yenidən bərpa edilərək muzeylərə qaytarılır.
Avqust 26, 2019
Geri