Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin bir sıra eksponatları üzərində bərpa işləri aparılıb
Azərbaycan xalqının çoxəsrlik tarixinin, məişətinin, zəngin adət-ənənələrinin sübutu olan maddi mədəni mirasının zaman keçdikcə, saxlanma şəraitindən asılı olmayaraq, təmirə, bərpaya ehtiyacı yaranır. Tarix yadigarları üzərində aparılan bərpa işləri isə mütləq elmi prinsiplərə, muzey sərvətlərinin xarakterinə uyğun aparılmalıdır.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi xalqımıza məxsus əsrlərlə yaşı olan maddi mədəni irsin bərpasını həyata keçirərək onlara yeni ömür bəxş edir. Mərkəzin əməkdaşları elmi bərpa işləri ilə yanaşı, bölgələrə gedərək muzeylərin ekspozisiyası və fonddakı eksponatların vəziyyətinə nəzər yetirir, onların mühafizəsinə dair tövsiyələr verirlər.
Bu günlərdə Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyindən Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə daxil olan 25 ədəd eksponat qısa müddətdə bərpa olunaraq muzeyə təhvil verilib. Bərpa olunan muzey sərvətləri, əsasən çeşidli məqsədlər üçün istifadə edilən saxsı və metal qablar, musiqi alətləri, müxtəlif toxuculuq məmulatları və geyim nümunələrindən ibarətdir.
Mart 08, 2020
Geri