ŞUŞADAN QALAN YADİGAR GEYİM
Bu gün Azərbaycan xalqı üçün müstəsna tarixi, mədəni, mənəvi və rəmzi əhəmiyyətə malik olan, Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan Şuşa şəhərinin işğalından 28 il ötür.
1992-ci ilin mayın 8-də Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən Azərbaycanın tarixi şəhəri olan Şuşa işğal olunub. İşğalı nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb.
Şuşa şəhərinin işğalı ilə Azərbaycan xalqının maddi-mədəni və mənəvi irsinə də ağır zərbə vurulub, Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə dağıdılıb, məbədgah və məscidlər təhqir və vandalizmə məruz qalıb, çox sayda nadir əlyazma nümunələri məhv edilib. Bunların içərisində Pənah xanın sarayı və kitabxanası, Xan sarayı və karvansaray, Aşağı Gövhərağa və Saatlı məscidləri, Vaqifin mavzoleyi, Natavanın evi və sair digər abidələr vardır.
Sizə fədakar muzey əməkdaşlarının və Milli Ordumuzun köməyi ilə bu aqibəti yaşamaqdan xilas edilmiş eksponatlardan biri – qadın milli geyim dəsti haqqında məlumat vermək istəyirik.
Azərbaycan milli geyim nümunələri içində Qarabağ geyimləri özünəməxsusluğu ilə seçilirdi. Bu bölgəyə məxsus və qadın milli geyim dəstinin tərkib hissəsi sayılan tumanlar qaz-qazı, zərxara, atlas kimi parçalardan tikilir, uzunluğu 86-102 sm arasında dəyişirdi. Tumanların ətəyinə müxtəlif ölçüdə tirmə və başqa parçadan qat payı tikilirdi. Üst geyimi olan arxalıq da qiymətli parçalardan tikilir, qol ağzına və yaxa kəsiyinə verilən qırçınlı büzməli əlavələr onu daha da gözəl göstərirdi. Qarabağ bölgəsinə aid olan arxalıqlarda bel büzməsi, zərif qırçınlı və qısa olurdu. Bu arxalıqlar daha çox üst qadın geyimi sayılan çəpkəni xatırladır, adətən yaxası buta formasında, qolları ”nülufər qollu” (yelparəli) olurdular. Dirsəyə qədər düz olan nülufər qol dirsəkdən aşağı zanbaq formalı açıq biçilirdi. Qolun ağzında arxalığın parçasından iki barmaq enində qırçın əlavə edilirdi. Bəzən bu qırçın yerinin üstünə bant da tikilirdi. Qol ağzına verilən qırçınlı-büzməli əlavələr arxalığı daha baxımlı və gözəl göstərirdi. 1992 ci ildə may ayının 8-də Şuşa işgal olunmazdan bir neçə gün öncə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət muzeyinin Şuşa fililalından təxliyə edilərək erməni işğalından xilas edilmiş 183 eksponatın içində olan, daha sonra isə üzərindəki zədələrdən xilas edilmək üçün 2013-cü ildə Mərkəzimizə gətirilmiş Qarabağ xanımlarına məxsus geyim dəsti də bu qəbildəndir.
Sizə, həm işğaldan, həm də peşəkar bərpaçılarımızın sehrli əlləri ilə üzərindəki zədələrdən xilas olmuş və əvvəlki görünüşünə qaytarılmış Milli Xalça Muzeyinin Şuşa filialına məxsus eksponatlardan yalnız ikisinin – Qarabağ xanımlarına məxsus geyim dəstinin bərpadan əvvəl və bərpadan sonrakı fotoşəkillərini təqdim edirik.
May 09, 2020
Geri