Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması bərpa olunacaq
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə Azərbaycan Dövlət Teatr muzeyindən Azərbaycanın görkəmli şairəsi, el arasında “Xan qızı” adı ilə tanınan Xurşidbanu Natəvana məxsus şeirlərindən və rəsmlərindən ibarət 7 ədəd əlyazması bərpa məqsədilə daxil olmuşdur.
Bundan əvvəlki illərdə hazırda Azərbaycan Milli Tarix muzeyinin ekspozisiyasında sərgilənən, “Şairə, Xanqızı Xurşidbanu Natəvana məxsus ətəklər mərkəzimizdə yüksək səviyyədə bərpa olunaraq muzeyə təhvil verilmişdi.
İnanırıq ki, bərpaçılarımızın peşakarlığı sayəsində bu əlyazmalar da yüksək səviyyədə bərpa olunaraq Qarabağın mədəniyyət beşiyi olan Şuşamızda, Xurşidbanu Natəvanın Ev muzeyinin ekspozisiyasında tamaşaçılara təqdim olunacaq.
Hal-hazırda bərpa prosesində olan əlyazmaların fotoşəklillərini təqdim edirik.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Qarabağın xilas olunmuş mədəni sərvətləri” layihəsi çərçivəsində Mərkəzimizdə bərpa olunmuş və əvvəlki görünüşünə qaytarılmış, Azərbaycan Milli Tarix Muzeyinə məxsus “Şairə, Xanqızı Xurşidbanu Natəvana məxsus “Ətəy”in bərpadan əvvəl və bərpadan sonrakı fotoşəklini təqdim edirik.
Xurşidbanu Natəvanın evi
Azərbaycanın görkəmli şairəsi, “Xan qızı” adı ilə el arasında tanınan Xurşidbanu Natəvana məxsus ikimərtəbəli ev Şuşa şəhərində yerləşən XVIII əsrə aid tarix-memarlıq abidəsidir.
1930-cu illərin əvvəllərində Azərbaycan vokal sənətinin banisi Bülbülün təşəbbüsü ilə Azərbaycanda yaradılan ilk uşaq musiqi məktəbi olan Şuşa Musiqi Məktəbi bu binada fəaliyyətə başlamışdır. 1984-cü ildən məktəb Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbi adlandırılmışdır.
1987-ci ildə binada əsaslı təmir və bərpa işləri aparıldıqdan sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına Qarabağ filialı burada fəaliyyətə başlamışdır.
1992-ci ilin may ayının 8-də Şuşa şəhəri Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal edildikdən sonra muzeydə toplanmış yüzlərlə nadir sənət incisi, rəsm əsərləri, xalçalar, miniatürlər, xatirə əşyaları, arxeologiya nümunələri işğalçılar tərəfindən dağıdılaraq qəsb edilmişdir.
Natəvan haqqında yeni araşdırmalar
XIX yüzilin tanınmış Azərbaycan şairəsi Natəvanın yaradıcılığı onillər ərzində araşdırılsa da, həmişə ciddi maraq kəsb edir. Araşdırmaçı Nailə Mustafayeva bildirir ki, Məhsəti Gəncəvi, Heyran xanım Dünbüli, Aşıq Pəri ilə bərabər Xurşudbanu Natəvan (1832-1897) da Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus xidmətləri olmuş qadın şairlərimizdəndir: “Camaat arasında Xan qızı adı ilə tanınan Natəvan xeyirxahlığı, xeyriyyəçiliyi, əliaçıqlığı, yoxsullara kömək etməsi, incə, lirik şeirləri, yaşadığı Şuşa şəhərinin abadlığına, ədəbi-mədəni həyatının canlanmasına böyük zəhmət və vəsait sərf etməsi ilə xalqın böyük məhəbbətini qazanmışdı. Onun çoxtərəfli istedadı, şairliklə bərabər gözəl rəsmlər çəkməsi, musiqini, muğamı bilməsi dövrünün görkəmli şəxsiyyətləri tərəfindən yüksək dəyərləndirilib. Şairənin yaradıcılığı həmişə diqqət mərkəzində olub, əsərləri 1928, 1938, 1956, 1981, 1984 və 2004, 2012-ci illərdə çap edilib, ədəbi irsinin tədqiqinə dair kitablar işıq üzü görüb.
Azərbaycan Prezidenti “Xurşidbanu Natəvanın anadan olmasının 180 illik yubileyinin keçirilməsi haqqında” 3 aprel 2012-ci il tarixli sərəncam imzaladıqdan sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda bu gözəl şair və ictimai xadimin həyat və yaradıcılığına dair araşdırmalar intensivləşib, bir neçə yeni material üzə çıxarılaraq çap edilib. Bunlardan Natəvanın başçılıq etdiyi “Məclisi-üns”ün katibi Mirzə Rəhim Fənanın Əlyazmalar İnstitutunda saxlanan xatirəsində məclisin yaranması, keçirilməsi, üzvləri, digər məclislərlə əlaqəsi barədə maraqlı faktlar var. Əlyazmalar İnstitutunda, Zülfüqar Hacıbəylinin arxivində saxlanan bəstəkarın qardaşı Üzeyir bəy Hacıbəyli ilə 1896-cı ildə Qori müəllimlər seminariyasında oxumağa gedərkən Natəvanla görüşüb ondan xeyir-dua almaları barədə kiçik xatirə var. Zülfiqar bəyin bu barədə qeydlərini Üzeyir bəy də öz imzası ilə təsdiqləyib. Cəlil Məmmmədquluzadənin Əlyazmalar İnstitutundakı arxivində Xurşidbanunun qız nəvəsi Əkbər xan Naxçıvanskinin nənəsi barədə xatirələri saxlanılır. Bu xatirələrdə şairin zahiri görünüşü, xasiyyətləri, şəxsi insani keyfiyyətləri, onu əhatə edənlərlə rəftarı, ədəbiyyata, ana dilində, musiqiyə münasibəti, muğamatı gözəl bilməsi barədə elə dəyərli faktlar söylənib ki, bunların Natəvanın həyat və yaradıcılığını tədqiq edənlər üçün böyük maraq kəsb edəcəyi şübhə doğurmur. Natəvanın övladlığa götürdüyü, əslən Qubadlı seyidlərindən olan Mir Həsən Mir Haşım oğlu Ağamirovun (1871-1953) xatirəsində “Məclisi-üns”ün yığıncaqlarının keçirilməsinə dair müəyyən məlumalar var. Bütün bu materiallar, şairənin şeirləri və Əlyazmalar İnstitutunda saxlanan “Gül dəftəri” adlı albomundaki rəsmlərinin reproduksiyaları ilə birlikdə 2012-ci ildə “Təhsil” nəşriyyatında nəfis şəkildə çap edilmiş “Neçin gəlməz” kitabına daxil edilib (Tərtib edəni Mustafa Çəmənli, elmi redaktoru və ön sözün müəllifi Paşa Kərimovdur).
Araşdırmaçı vurğulayır ki, Əlyazmalar İnstitutunda Xurşidbanu Natəvanın həyat və yaradıcılığına dair materialların axtarışı prosesi davam etməkdədir: “Bir nüsxəsi İnstitutuda saxlanan, 1928-ci ildə Azərnəşrdə çap edilən “Natəvan Xurşidbanu” kitabı bəzi cəhətlərinə görə diqqətimizi
cəlb edir. 82 səhifədən ibarət kitabın redaktoru və ön söz müəllifi Hənəfi Zeynallıdır. Buraya şairin həyat və yaradıcılığı barədə ümumi məlumat, onun 38 şeiri (nədənsə 37 nömrəli şeirdən şonra 51-ci gəlir), Natəvana həsr edilmiş şeirlər, qəzəllərinə yazılmış nəzirələr daxildir. Vaxtilə natəvanşünaslığa dəyərli töhvə olmuş, bu mövzuda yazılmış sonrakı tədqiqatlarda nəzərə alınan kitabın tərtibçisi qeyd edilməyib. Kitabın Əlyazmalar İnstitutunda saxlanan ikinci nəşrinin əlyazması aşkar edilməsəydi, əsərin tərtibçiısini tapmaq mümkün olmayacaqdı. İnstitutda C-218 şifri altında mühafizə edilən əlyazma “Natəvan Xurşidbanu” kitabının çap edilməmiş ikinci nəşrinin əlyazmasıdır. 218 səhifəlik bu məcmuədə toplanan materiallar, Natəvanın şeirləri, həyat və yaradıcılığı, ədəbi aləmdə nüfuzu, əsərlərinə yazılan nəzirələr barədə məlumatlar həcmcə birinci nəşrdən əhəmiyyətli dərəcədə çoxdur. Toplu, ümumiyyətlə, XIX əsr ədəbiyyat tariximizin öyrənilməsi baxımından böyük maraq doğurur. Buradakı “And verirəm” və “Zeynəb” rədifli iki şeirə-növhəyə Xurşidbanunun çap edilmiş şeir kitablarında rast gəlmirik. Natəvanın muasirlərinə ədəbi təsirini sübut edən əsərlərinə müxtəlif ədəbi məclis üzvləri tərəfindən yazılan nəzirələr barədə geniş məlumat da böyük maraq doğurur. Bütün bu toplanan materiallar, müəllifin tədqiqat xarakterli qeydləri topluya həm də bir tədqiqat əsəri kimi baxmağa imkan verir. Əlyazmanın xəttinin görkəmli ədəbiyyatşünas Əliabbas Müznibə (1883-1938) məxsus olduğunu müəyyən etdik. Tədqiqatçının 193-cü səhifədə adını öz əli ilə yazdığını gördükdən sonra artıq heç bir şübhə yerimiz qalmadı. Əvvəlcə kitabı bu yerdə tamamlamaq qərarına gəlmiş Ə.Müznib tarix də qoyub: 1934-cü ilin mayı. Lakin sonradan o, tədqiqatını davam etdirib, “Natavənın həcv edilməsi və həcvin təsiri” adlı hissə də əlavə edib. Əlyazmanı diqqətlə nəzərdən keçirdikdə görürük ki, bəzi səhifələr düşüb. Onu da qeyd etmək istərdik ki, əlyazmaşünas alim Nəsrəddin Qarayevin “XIX əsr Azərbaycan ədəbi məclisləri” adlı monoqrafiyasını nəzərdən keçirərkən onun da əsəri Ə. Müznibə aid etdiyini görürük”.
Professor Seyfəddin Qəniyev isə bildirir ki, Mahmud Ağa böyük şair Natəvan xanımla uzun zaman məktublaşıb. Natəvan 1874-cü ildə Bakıya səfər edərkən vaxt tapıb Şamaxıda Mahmud Ağa məclisinin qonağı olub. Xatirələrdən: “Natəvan əvvəlcə onun məclisinin üzvləri ilə maraqlanır. Bu zaman Qarabağın məşhur musiqiçiləri – Hacı Hüşü, Humayın Mahmud Ağanın sarayında yaşayırdılar. Natəvan bu vaxta qədər ustad şair S.Ə.Şirvani ilə qiyabi tanış idi. Amma görüşməmişdilər… Ağa Xan qızını böyük hörmətlə, təmtəraqla qəbul edir. Son gün Mahmud Ağa, Natəvan və S.Ə.Şirvani bir yerdə – sarayın qonaqlar üçün təşkil edilmiş guşəsində əyləşdilər.
Üç şair şeirdən, sənətdən söhbət edir, məsləhətləşirlər. Natəvan 1864-cü ildə Şuşada Mirzə Əbdülqasım mədrəsəsində şairlər – Mirzə Kərim Fəna və Hacı Abbas Aşiqin təşkil elədiyi «Məclisi-üns» barədə onlara məlumat verdi. Bildirdi ki, belə bir məclisin Şamaxıda da təşkili lazımdır. Axı burada istedadlı şairlər çoxdur. Bir də ki, Şamaxı kimi böyük bir şəhərdə iki məclisin fəaliyyəti daha münasibdir. Mahmud Ağa şair kimi hər iki məclisə qatıla bilər. Onsuz da Şamaxıda tacir, bəy, bəyzadələr, şair, ziyalılar Ağanın məclisində
mütəmadi iştirak edirlər. Həmin şəxslər şairlərin məclislərində də təbii ki, iştirak edəcəklər. Məclisin ağsaqqalı da olar Seyid – dostunuz. Belə təklif etdi Natəvan xanım. Bu təklif Mahmud Ağanın ürəyindən olur. Hər gün musiqi, şeir sədaları eşitmək üçün lazım gəlsə, canından keçən Mahmud Ağa bu təklifə necə də sevinməyə bilərdi… Qabaqcadan o, dostu Seyidi təbrik edir və məclisin xərcini də mən özüm çəkərəm, – deyə onların əllərini sıxır…
Xan qızı da Mahmud Ağanın «Qızılı salon»unu çox bəyənmişdi, xoşuna gəlmişdi. Şeirin, sözün, musiqinin, ümumiyyətlə insan ağlının, təfəkkürünün bu kübar sarayda uca tutulması onu valeh etmişdi. Eləcə də məclis qurulan zaman iştirakçılara edilən qulluğu: pürrəngi, ətirli, mixəkli, darçınlı çay, şərbətlər, çərəzlər, gülablar, hilli, zəfəranlı, mixəkli paxlavalar, halvalar, sulu qəlyanlar və sair. Xan qızı da söz verir ki, Şuşaya çatan kimi “Məclisi-üns”i öz sarayına köçürəcək. Beləliklə, dostlar görüşüb-ayrıldılar. Mahmud Ağa Xan qızını öz «qızıllı faytonu» ilə Şuşaya yola saldı. Doğrudan da tez bir zamanda Şamaxıda «Beytüs-Səfa» məclisi qurulur, Şuşada isə «Məclisi-üns» Xan qızının sarayına köçür. Qarabağ xanəndələri, sazəndələrinin iştirak etdiyi bu məclisə də Natəvan özü rəhbərlik edir».
«Beytüs-Səfa» ədəbi məclisinin yaranmasına ən çox sevinənlərdən biri də Əhməd Sultan oldu. O, Seyid Əzimə dərin hörmət bəsləyər, ehtiramla yanaşardı: “Oğluna tapşırıq vermişdi ki, Seyidin məktəbinə və məclisinə yaxşı baxsın, maddi köməyini əsirgəməsin, onu sıxıntılarla sınağa çəkməsin. Mahmud Ağa da atasının tövsiyələrinə sadiq qalaraq Seyidi bir şair, söz səltənətinin sahibi kimi uca tutur, onun məclisində həmişə iştirak edir. Mahmud Ağa Seyidin məclisini daha da şöhrətləndirmək üçün onun sarayına təşrif buyuran sənətkarları başqa bir gün “Beytüs-Səfa»ya qonaq aparırdı. Və ya muğam müsabiqəsi təşkil ediləndə, başqa bir gün müsabiqə qaliblərini «Beytüs-Səfa» məclisinə qatardı. Xanəndələr oxuyar, şairlər şeirləşərdilər. Kamil qafiyə tutanlar, qəzəldə üstünlük əldə edənlər, münsiflər tərəfindən «baş yerə» çıxanları mükafatlandırmağı Mahmud Ağa özünün müqəddəs vəzifəsi sayardı. Belə bir maraqlı məclisə – «Beytüs-Səfa»ya təkcə şair, sənətkarlar deyil, ziyalı, bəy, tacirlər də qatılardı: Şahbaz bəy, Nuru bəy, Məşədi Fərəc bəy, Nəcəfqulu bəy, Səid Əfəndi, Şıxali bəy, Qocaman bəy, Mahmud bəy, Hacı Salman bəy, Udulu Musa, Nağı bəy, Kərim bəy, Mehdi bəy, Sultan bəy Veysov, Kərbəlayi Yusif bəy, Molla Əlabbas, Məşədi Mürsəl bəy…
Haşiyə: Həmin vaxtdan sonra Mahmud Ağanın musiqi və «Beytüs-Səfa» məclisləri ilə Qarabağ məclisi arasında əlaqələr yarandı və yazışmalar daha da gücləndi. Qarabağ sənətkarları – Hacı Hüsü, Sadıqcan Şamaxıya gələndə Natəvanın sifariş və salamlarını, xəbərlərini Mahmud Ağaya yetirir, onun da sözlərini sovqatları ilə birlikdə Natəvana çatdırırdılar, «Beytüs-Səfa» üzvlərinin məktubları da Şuşaya yetirilərdi…
Məsələn, «Beytüs-Səfa» məclisində M.Füzulinin «Ram olmaz» rədifli qəzəlinə nəzirə yazılması qərara alınır. S.Ə.Şirvani, Raqib, Bixud, Qafil, Salik, Səfa, Zövi, Zuhuri və b. məclis üzvləri yarışa qatılırlar. Qəzəllər o qədər ustalıqla yazılır ki, «Beytüs-Səfa» üzvləri qalibi müəyyən etməkdə çətinlik çəkirlər. Məclis üzvləri belə qərara gəlirlər ki, nəticələri Şuşaya göndərsinlər, Qarabağ şairləri qalibi müəyyən etsinlər. Bu barədə ədəbiyyatşünas F.Köçərli yazır: «Qarabağ şüarələri kamalıdiqqətlə «Beytüs-Səfa» əhvalının göndərdikləri qəzəllərə baxıb, onlardan əvvəlinci dərəcədə Bixud həzrətlərinin, ikinci dərəcədə Hacı Seyid Əzimin, üçüncüdə Zövinin, dördüncü də Səfa ilə Salikin, beşincidə Qafilin, altıncıda Zuhurinin, yeddincidə Raqibin qəzəllərini qoyublar». Hətta Qarabağ şairlərinin bir çoxu da bir növ bu müsabiqəyə qatılıblar; bu rədifli qəzəllər yazıblar… Beləliklə, Şamaxıda olan iki məclisin üzvlərilə Natəvanın rəhbərlik etdiyi məclis arasında əlaqələr genişlənməyə başlayır”.
Fevral 03, 2021
Geri