01 oktyabr 2022-ci il tarixində “Mədəni irsi qorumaq naminə - 65” adlı sərgi-seminar keçirildi.


Cari ildə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətinin 65 illik yubilleyi münasibətilə silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən ilkin olaraq, 01 oktyabr 2022-ci il tarixində R.Tağıyev adına Masallı tarix-diyarşünaslıq muzeyində “Mədəni irsi qorumaq naminə – 65” adlı sərgi-seminar keçirildi.
Sərgi-seminarda MSXƏEBM-nin, Masallı tarix-diyarşünaslıq muzeyinin, eləcə də digər mədəniyyət müəssisələrinin nümayəndələri iştirak etdilər. Tədbir vətən uğrunda həlak olan şəhidlərimizin və MSXƏEBM-nin dünyasınını dəyişmiş işçilərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunaraq başlandı.
Muzeyin direktoru, əməkdar mədəniyyət işçisi Əntiqə Tağıyeva tədbir iştirakçılarını salamlayaraq MSXƏEBM-nin kollektivini 65 illik yubiley münasibəti ilə təbrik etdi. O, bildirdi ki, Masallı tarix-diyarşünaslıq muzeyində 537 eksponata ikinci həyat bəxş edən MSXƏEBM ilə növbəti 2023-cü ildə əməkdaşlığının 20 ili tamam olur.
Mərkəzin bərpaçı-rəssamları muzeyin hələ Hişkədərə kəndində fəaliyyəti dövründə yüzlərlə zərər görmüş, zədələnmiş eksponatları bərpa edərək muzeyə qaytarmışlar. Əntiqə Tağıyeva çıxışının sonunda mədəniyyətimizin yaşadılmasında, tarixi-mədəni irsimizin gələcək nəslə çatdırılmasında əvəzsiz xidmətlərinə görə MSXƏEBM-nin bütün əməkdaşlarına təşəkkürünü bildirdi.
Daha sonra MSXƏEBM-nin direktoru, əməkdar mədəniyyət işçisi Zərifə Məlikovanın, həmçinin elmi işlər üzrə direktor müavini İranə İbrahimovanın və baş mühafiz Pakizə Almazovanın çıxışları dinlənildi. Qeyd edildi ki, 1957-ci ildə bərpaçı-rəssam Fərhad Hacıyev tərəfindən təməli qoyulmuş MSXƏEBM bu günədək 25 mindən artıq mədəniyyət abidələrinə yeni həyat bəxş edərək mədəni irsimizi məhvolmadan xilas etmişlər.
Direktor Zərifə Məlikova dövlətimiz tərəfindən Azərbaycan bərpaçılıq sənətinə verilən yüksək dəyərdən bəhs etmiş, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə Mərkəzin yeddi əməkdaşının “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülməsini xüsusi vurğulamışdır.
Tədbirin gedişatında Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin fəaliyyətindən bəhs edən qısa film izlənilmiş və bərpaçılar tərəfindən bərpa və konservasiya olunan bir neçə eksponatların təqdimatı olmuşdur.
Sonda Elmi Bərpa Mərkəzinin direktoru Zərifə Məlikova uzun illik səmərəli əməkdaşlığına görə Masallı tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyevanı fəxri fərmanla təltif etdi. Əntiqə Tağıyeva təşəkkürünü bildirərək eyni zamanda Mərkəzə xatirə hədiyyəsi təqdim etdi. Tədbir iştirakçıları muzeyin ekspozisiyasında təqdim edilən bərpa olunmuş eksponatların sərgisinə baxış keçirdi və xatirə şəkilləri çəkildi.

Oktyabr 04, 2022

Geri