Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Şuşa ilinə həsr olunmuş “Şuşa 270” adlı hesabat tədbiri keçirdi.
Xalqımızın mədəniyyət beşiyi, Qarabağın tacı olan Şuşa şəhəri yetirdiyi böyük şəxsiyyətləri ilə ədəbi, mədəni, elmi və ictimai fikir salnaməmizə mühüm səhifələr yazmışdır.
Bənzərsiz tarixi görkəmi və özünəməxsus mühiti olan Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulmaqla tariximizin incisi zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında 5 yanvar 2022-ci il tarixli Sərəncamına uyğun olaraq ölkədə silsilə tədbirlər həyata keçirilmişdir.
Cari ilin 15 dekabr tarixində Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi Şuşa ilinə həsr olunmuş “Şuşa 270” adlı hesabat tədbiri keçirdi.
Tədbirdə Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı, Mədəniyyət qəzetinin əməkdaşı Lalə Azəri, Xaçmaz, Quba, Qusar, Şabran, Masallı, Sabirabad, Oğuz, Qəbələ, Qax, Balakən, Gəncə tarix-diyarşünaslıq muzeylərinin rəhbərləri iştirtak etdilər.
Şuşa şəhərinin ötən əsrin 70-ci illərində sürətli inkişafı Ümummilli Liderimiz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Şəhərin inkişafına dair xüsusi qərarlar məhz Ulu Öndərin təşəbbüsü ilə qəbul edilmişdir. Həmin vaxtdan Şuşada quruculuq işləri geniş vüsət almış, mədəniyyət xadimlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atılmışdır. Ulu öndərin xidmətlərini uca tutaraq tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Şuşa şəhəri, Qarabaq bölgəsi ilə bağlı çıxışını əks etdirən videoçarx ilə başlanıldı.
Salamlama nitqi ilə çıxış edən MSXƏEBM-nin direktoru, Əməkdar mədəniyyət işçisi Zərifə Məlikova Şuşa ilinin ölkəmizdə geniş keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Daha sonra xalqımızın mədəni irsinin qorunması məqsədilə bərpaçılıq sənətinin vacibliyini qeyd etdi. Burada MSXƏEBM-nin işğaldan azad olmuş tarixi torpaqlarımızdakı muzeylərin eksponatlarının bərpa edilməsi ilə uzun illər onların qorunmasına zəmin yaradacağını qeyd etdi.
MSXƏEBM-nin direktor müavini İranə İbrahimova “Şuşa həsrəti bitən yadigarlar” adlı foto-təqdimat və Mərkəzin cari ildə həm Şuşa ilinə, həm də Bərpa Mərkəzinin 65 illik yubileyinə həsr olunan tədbirlərin hesabatını qonaqların nəzərinə çatdırdı.
Tədbirə onlayn qatılan Xaçmaz tarix-diyarşünaslıq muzeyinin direktoru Pakizə Mehdiyeva, Saatlı tarix-diyarşünaslıq muzeyinin direktoru Sürəyya Zeynalova, Masallı tarix-diyarşünaslıq muzeyinin direktoru Əntiqə Tağıyeva çıxışlarında MSXƏEBM ilə olan məhsuldar əməkdaşlığı qeyd edərək muzey sərvətlərinin bərpa və konservasiya işində göstərdikləri xidmətlərinə görə Mərkəzin əməkdaşlarına təşəkkürlərini bildirdilər.
MSXƏEBM-nin baş mühafizi Pakizə Almazova Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2023-cü ilin Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsini qeyd edərək Mərkəzin bərpa işi fəaliyyətində proritet istiqamətlərin müəyyənləşdirildiyini söyləmiş, daha sonra MSXƏEBM-nin 2022-ci ildə bərpaçı-rəssamlarının Mərkəzdəki iş prosesini əks etdirən və KİV-də Bərpa Mərkəzinin fəaliyyətinə həsr olunan yazıların videoçarxlarını nümayiş etdirərək məlumat verdi.
Daha sonra uzun illər Mərkəzdə çalışmış təcrübəli bərpaçı-rəssam, Əməkdar mədəniyyət işçisi Rühəngiz Əliyeva çalışdığı illərdə bərpaçılıq fəaliyyətindən, qazandığı təcrübədən və dövlətimizin bərpaçı-rəssamlara olan diqqətindən danışdı.
Sonda Mədəniyyət Nazirliyinin Muzey, qalereya və sərgilər şöbəsinin Muzey və daşınar mədəni irs sektorunun müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Altun Mikayıllı çıxışında Mərkəzin kollektivinə təşəkkürünü bildirərək 65 illik yubiley münasibəti ilə təbrik etdi. Mərkəzin fəaliyyətinin vacibliyini xüsusi vurğulamaqla, bərpaçıların çətin şəraitdə qəliz işlərin öhdəsindən uğurla gəldiyini qeyd etdi.
Tədbir Şuşa haqqında mahnının sədaları altında yekunlaşdı.
Dekabr 17, 2022
Geri