BƏRPA OLUNMUŞ İRS


Görkəmli türkoloq, şair, ədib, musiqişünas, filosof, publisist, rəssam, həkim Əlibəy Hüseynzadə haqqında nəinki yerli mətbuatda, eləcə də xarici nəşrlərdə bir sıra məqalələr yazılmış, onun həyat və fəaliyyəti, Azərbaycan tarixinə və mədəniyyətinə verdiyi töhfələr haqqında geniş araşdırmalar aparılmışdır. Hazırki məqaləmiz isə bu dahi şəxsiyyətdən bizə yadigar qalan, uzun illərdən sonra ölkəmizə gətirilərək İstiqlal muzeyinə hədiyyə olunan memorial əşyalar və onların bərpası haqqındadır.
Bu əşyaların içərisində Əlibəyə məxsus orden, medal, döş nişanları, cib saatı, şəxsi möhürlər, qol düymələri, Əlibəyin və oğlu Səlim Turanın müəllifi olduğu rəngkarlıq və qrafik əsərlər, həyat və fəailiyyətini əks etdirən fotoşəkil və s. –ni sadalamaq olar.
2016 – cı ildən bəri başlayaraq, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevin təşəbbüsü və vasitəçiliyi ilə Əlibəy Hüseynzadənin qızı Feyzavər xanımla və Türkiyə Dövlət qurumları ilə aparılan danışıqlardan sonra uzun yola çıxan bu əşyalar nəhayət ki, Azərbaycan İstiqlal Muzeyinin toplusunda özünə əbədi yer aldı. Onların sayəsində Azərbaycan gəncliyi, gələcək nəsillər Azərbaycanın istiqlal tarixində, mədəniyyətində, elmində xüsusi rol oynamış görkəmli şəxsiyyət Əlibəy Hüseynzadə haqqında bir çox həqiqətləri öyrənmiş olacaqlar. Lakin muzeyin ekspozisiyasında öz yerlərini almamışdan öncə bu əşyalar digər bir mədəniyyət ocağına – Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə səfər etdilər. Burada bərpaçılar bir təbib kimi xüsusi nəvaziş və qayğı ilə mədəni sərvətlərimizi bir növ “xəstəlikdən sağaldır”, xilas edir, ikinci həyat verərək gələcək nəsillər üçün qoruyur.
Mərkəzə daxil olan hər bir əşya özüylə müəyyən bir informasiya da gətirmiş olur. Ilk baxışda bəzən bu informasiyanın cüzi bir hissəsi müəyyən olunur. Daha dərın bilgilər isə onların üzərində araşdırma və bərpa işi aparılarkən aşkarlanır. Təsadüfi deyil ki, Rusiyanın görkəmli xalq rəssamı, sənətşünas alim, bərpaçı rəssamı İqor Qrabar deyirdi: “Bərpa və qorumaq məqsədilə əşyaların araşdırılması eyni zamanda onların çox yaxşı tədqiqi deməkdir. Biz əşyaların üzərində baş verən dəyişikliklərin bütün tarixini öyrənməklə yanaşı, həm də onları hazırlayan sənətkarın yaradıcılığ sirlərini, məharətini izləmiş, onun sənətkarlığının ən gizlin mənalarını öyrənmiş oluruq”.
Aşkarlanan hər bir məlumat isə daha sonra aid olduğu dövr, mədəniyyət, şəxs barəsində sübutlara, tarixi faktlara çevrilir. Əlibəy Hüseynzadəyə məxsus memorial əşyalarda olduğu kimi.
Əlibəyin incəsənətə, musiqiyə olan meylinin, maarifpərərliyinin, müasir baxışlarının, türkçülük uğrunda apardığı mübarizənin, tibb sahəsində nailiyyətlərinin, dini baxışlarının, səyahətlərinin şahidi olan rəsm əsərləri, şəxsi əşyaları, musiqi alətləri, təltifləri, möhürləri, orden, medal, döş nişanları və digər ölkələrdən olan suvenir əşyaların hər biri onun yadigarı olmaqla yanaşı, onun səxsiyyəti barəsində zəngin informasiya mənbəyidir.
Bunların içərisində xüsusi diqqət çəkən əşyalardan üzərini pas təbəqəsi tutmuş qol düymələridir ki, xüsusi vasitələrlə pas təbəqəsi təmizləndikdən sonra onların üzərində ərəbcə ”Allah”, “Maşallah” “Yadigar”sözləri, “Məscid” və “ağac” təsvirləri aşkar edildi. Bundan başqa Əlibəy Hüseynzadənin kağız üzərində sulu boya ilə çəkdiyi “Bibiheybət məscidi” adlı rəsm əsəri də xüsusi maraq doğurur. Belə bir fakt var ki, uzun illərdən sonra 90 cı illərin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü və göstərişi ilə Bibiheybət məscidi bərpa olunarkən, məscidin xarici görünüşünü təsvir etmək üçün Əlibəyin müəllifi olduğu bu rəsmdən istifadə olunub. Rəsmin arxa tərəfində isə əlyazısı ilə “Bibi heybetin resmi. Bu cami Baku ve ya Selyanda zelzelede yıkılmışdır. Pr. Dr. Huseynzade Ali (1864-1941) bey tarafından yapılmışdır” cümlələri yazılmışdır.
Digər maraqlı əşyalara Əlibəyin məktub açmaq üçün istifadə etdiyi suvenir bıçaqları aid etmək olar. Bıçaqlardan birinin üzərində almancadan “Birlik gücü, Dünya müharibəsi 1914/17” mənasını verən yazılar, digər bıçağın üzərində isə təmizləndikdən sonra təsvirlər və “Rattvik” yazısı aşkarlanmşdır. Aparılan araşdırmadan sonra ikinci bıçağın İsveç istehsalı olduğu müəyyənləşmişdir. Bıçağın qəbzəsinin üzərindəki təsvirlərdə Retvik şəhərinin sakinlərinin – milli kəndli geyimlərində olan qadın və kişi təsvirləri, eləcə də qədim isveç rəsmi olan “rosemaling” – qızılgül təsvirləri verilmişdir.
Əlibəyin əşyaları içərisində ən maraqlılarından biri də onun skripkasıdır. Əlibəyin onu necə əldə etməsi barədə dəqiq məlumat yoxdur. Əvəzində bəllidir ki, 1916-cı ildə Əlibəy Avstrya – Macarıstan, Almaniya, İsveçrəyə səyahət etmişdir və Əlibəyə məxsus olanda artıq skripkanın 2 əsrə yaxın yaşı var idi. Bu barədə skripka özü məlumat verir. Bərpaçı–rəssam G. Məmmədov tərəfindən aparılan bərpa prosesi zamanı Skripkanın içindən yazılar olan yarlığ aşkar edildi. Yarlıqda yazılırdı “MATTHIAS Albanus me fecit, Bulsani Tyroli 1706” Tərcüməsi Mattiias Albani məni 1706 cı idə Tiroli Bulsani də düzəltdi. Tədqiqatdan məlum oldu ki, Mattias Albani (oğul) Bulsani qraflığının Tirol şəhərində İtaliyanın tanınmış skripka ustalarından olmuşdur. Onun atası Matias Albanus da tanınmış skripka ustası olub. Skripka düzəltməyi atasından öyrənən Mattias daha sonra tanınmış skripka ustası Amatenin yanında püxtələşmiş və öz işini Romada davam etdirmişdir. Onun düzəltdiyi skripkalar Amate skripkları dəyərli sayılır və daha çox XVII-XVIII əsrlərə aid edilirdi. Albani Mattiasdan sonra onun işini iki oğlu Maykl və Jozef Almaniyada davam etdirmişdir.
Sözsüz ki 3 əsrə yaxın yaşı olan bu skripkanı tarixi və muzey dəyəri çox böyükdür. Lakin bizim üçün onu daha dəyərli edən bir səbəb də varki, bu da onun məhz Əli bəyə məxsusluğur. Əlibəyin qızı Feyzavər xanım, onu tanıyan bir çox görkəmli şəxsiyyətlər haqqında xatirələr yazıb, lakin Əlibəyi bir də ona məxsus əşyların dilindən dinləmək nə qədər maraqlı olardı… Bu müsiqi alətini ifa edərkən Əlibəy hansı düşüncələrə dalmış, hansı hissləri keçirmişdir? Təəssüf ki biz bunu artıq bilə bilmərik. Bu gün qürurla dalğalanan üçrəngli bayrağımızın qayəsini təşkil edən “türkçülük, müasirlik və islam” ideyasının müəllifi olan Əlibəyin şəxsi əşyalarını nəzərdən keçirərkən bu amalın onun həyat devizi olmasının və onun uğrunda bütün varlığı ilə mübarizə aparmasının şahidi oluruq.
Əlibəyin mübarizliyi və həyat devizi gələcək nəsillər üçün də bir çağırışdır.
İranə İbrahimova
MSXƏEBM-nin əməkdaşı

Yanvar 04, 2018

Geri