Xalça, xalça məmulatlarının ziyanvericiləri və onların qorunma üsulları


 

Zərifə Məlikova,
İranə İbrahimova

Azərbaycan xalçaları möhkəm və uzunömürlü olmalarına baxmayaraq, bir sıra ziyanverici təsirlərə məruz qalaraq öz estetik gözəlliyini və digər keyfiyyətlərini itirə bilərlər.
Muzeylərin ekspozisiya və fondlarında, şəxsi kolleksiyalarda  xalçalar təbiət amillərinin və eləcə də ziyanvericilərin mənfi təsirinə məruz qalır. Təbiət amilləri içərisində toz, günəş və rütubət daha çox ziyan verir.  Muzeylərdə olan xalça və xalça məmulatları tozu daha asanlıqla hopdurur. Toz muzeylərin daxilinə hava ilə, işçilər,  tamaşaçılarla birlikdə gəlir və ya  muzeylərin öz daxilində yaranır. Tədqiqatlar  göstərmişdir ki, insanlar hərəkətdə və işdə olduqları vaxt  onların paltarlarının hər  kvadrat santimetrinə  minlərlə  toz zərrəsi  və mikroorqanizmlər  toplanır. Toz, hər bir məntəqənin  coğrafi, iqlim və təsərrüfat xüsusiyyətləri ilə əlaqədar  müxtəlif  tərkiblərdə olur. Bakı tozunun tərkibində neft sənayesi mərkəzlərinə və digər sənaye şəhərlərinə xas olan elə zərrəciklər vardır ki, həm xalçaların rəngini dəyişir, həm də kimyəvi maddələr işlətmədən təmizlənmir. Bununla yanaşı    Bakı  küləyinin güclü olması tozun miqdarını  çoxaldır,  onun binaların daxilinə keçməsini asanlaşdırır. Müasir araşdırmalara  görə ictimai binalarda tozun daxilində olan mikroorqanizmlər həftələr və hətta aylarla yaşaya bilir.
Xovlu xalçalarda bədii  tərtibatın daşıyıcısi olan  xov, təəssüf ki, həm də  xalçanı dağıdan tozun yığılmasına səbəb olur.  Bəzi  mülahizələrin əksinə olaraq, divardan asılmış və fond otaqlarında  saxlanılan xalçalar tozun dağıdıcı təsirinə yerə döşənmiş xalçalardan daha çox məruz qalır. Toz xalçanın hər iki –xovlu və xovsuz  növlərinə zərər vurur.  Xovlu xalçaların  xovunda, arxa tərəfində, sumaxların və digər məmulatların arxa hissəsində,  palazların  üzündə və saçağında  toz müəyyən  müddət qaldıqdan sonra  tədriclə karkasa keçır. Toz karkasa daxil olduqdan sonra  ilmələrə, hətta bu ilmələri yaradan materialın daxilinə nüfuz edir.
Tozun təmizlənməsi  dağılma zamanı iplərin müqavimət qabiliyyətini artırır.
Bir neçə təmizləmə üsulları- quru mexaniki, tərkibində  üzvi həlledicilər olan su məhlulları ilə və s.   mövcuddur.  Təmizləmə üsulunun seçılməsi xalçanın saxlanma dərəcəsindən və rənginin davamlılığından asılıdır. Muzey xalçalarının təmizlənməsində neytral yuyucu vasitələrin tətbiqi ilə klassik yuyulma üsullarına daha çox üstünlük verilir.   Xalçaların “gilabi” (bentonit gilinin növlərindən biri)  kimi vasitələrin tətbiqi ilə ənənəvi xalq üsulları ilə təmizlənməsi  daha məqsədəuyğundur. Bu vasitənin digərlərindən üstünlüyü tamamilə neytral, eyni zamanda yüksək təmizləmə qabiliyyətinə malik olmağındadır. Lakin xalçaları yumağa  başlamazdan əvvəl məmulatın yuyulmağa davamlılığını yoxlamaq lazımdır. Köhnə, dağılmış, habelə çürümə prosesində olan xalçaları yumaq olmaz. Xovu həddindən artıq sürtülüb getmiş  xalçaları da yumaq məsləhət görülmür. Xalçaları  yumazdan əvvəl  onun rənginin çıxıb-çıxmadığı  da yoxlanılmalıdır.  Rəngi çıxan xalçaları da yumaq məsləhət görülmür.
Günəş daha çox ekspozisiyada nümayiş olunan xalçalara ziyan vurur. Günəş şüaları şiddətli olduqda xalçalarda oksidləşmə sürətlənir, onun müqaviməti tədricən azalır və rəngləri kimyəvi dəyişikliyə uğrayır.   Buna  görə də xalça və xalça məmulatlarını gün işığının birbaşa təsirindən qorumaq lazimdir. Eyni zamanda  xalçaların qorunması məqsədilə ekspozisiyada suni  işıqlandırmada da fasilələrin verilməsi daha məqsədəuyğundur.
Təbiət amilləri içərisində rütubət daha zərərli hesab edilir. Rütubət xalçanı təşkil edən hissəciklərin tərkibinə daxil olaraq onların formasını dəyişir və ümumi müqavimət qabiliyyətini azaldır. Rütubət nəticəsində xalçanın qıraqlarında qatlanma, ara sahəsində qovuqlanma əmələr gəlir.
Xalça və xalça məmulatları təkcə atmosfer amillərindən deyil, həm də ziyanverici həşəratlardan qorunmalıdır.
Xalçalara iki növ həşəratların nümayəndələri: güvələr (Lepidoptera dəstəsi, Tinedae fəsiləsi) və dəri qurdları ziyan vurur.
Güvələr. Azərbaycanda güvənin 48 növü mövcuddur. İsti otaqlarda adətən xalça güvəsinə (Tineola bisseliella Humm.) rast gəlinir. Kəpənəklər qızılı-sarı rəngli, qanadları açıq vəziyyətdə 10-18 mm, ön qanadın üst kənarı tünd-qəhvəyi rəngdə, başı qalın tüklü olur.  Güvənin tırtılı yun parçalarda, lələklərdə, tüklərdə, emal olunmamış buynuzda inkişaf edir. Təmiz süni, pambıq və təbii ipək parçalarda inkişaf edə bilmir, lakin eyni zamanda onları zədələyə bilər. Bir müddət un yapışqanlarında yaşaya bilər. Xromla aşılanmış dəridə güvə tırtılı inkişaf etmir. Güvənin kəpənəkləri heç bir şeylə qidalanmır, belə ki, onların xortumları inkişaf etmir, onların vəzifəsi yerləşmək və çoxalmaqdır. Sakit, isti yay günlərində güvə bir neçə on metrlərlə uçaraq digər küçədəki binaları, sahələri yoluxdura bilər. Cütləşmədən dərhal sonra kəpənək 2 həftə ərzində 100 dən çox yumurta qoyur və bundan sonra ölür. Yumurta  ağ rəngdə, 0,5mm uzunluqdadır, yəni  gözlə güclə seçilir.Kəpənək yumurtalarını ya xalçanın xovu arasında, ya da yanında qoyur. Otaq temperaturunda bir həftədən sonra yumurtadan tırtıl çıxır.  Tırtıllar qida axtara-axtara sandıqların, şkafların və s. ən kiçik çatlaqlarına daxil ola bilərlər. Xalça güvəsinin inkişaf müddəti temperaturdan asılıdır: 23° C optimal temperaturda inkişaf, 15° C temperaturdakına nisbətən sürətlə gedir. Aşağı müsbət (+5°C +10°C) onların inkişafına mane olur, şaxta isə güvə üçün məhvedicidir.
İsti otaqlarda 3 nəsil güvə olur, kəpənəklərin uçuşu yanvar-fevral, may və avqust-sentyabr  aylarında müşahidə olunur. Azyaşlı tırtıllar  uzunmüddətli aclığa davam gətirmir və əgər qida tapmazlarsa, müşahidələr göstərir ki, 1 həftədən sonra ölürlər, lakin orta yaşlı tırtıllar, əgər bütün uyğun qida yeyilibsə,  qeyri-aktiv vəziyyətdə xüsusi baramaların içində, bir neçə ay ərzində yararlı qida yaranana qədər aclığa davam gətirir. Tırtıllar puplaşmaq üçün adətən qida mənbəyindən uzaqlaşır və bəzənkəpənəklərin bayıra çıxmaqlarını təmin etmək üçün əhəngli suvağın altındakı qat və ya su sistemi borularının sement örtüyü kimi əhəmiyyətli maneələri dəf edir. Pup 2 həftə inkişaf edir. Kəpənəklər pupdan çıxandan sonra sement və ya əhəngli suvaqda  pupun qabığı ilişib qalır. Beləliklə, güvənin və dəri qurdlarının yumurtaları ilə yoluxmuş texniki keçənin sementlə suvaqlanması otağın güvə ilə yoluxmasının qarşısını ala bilmir.
Güvənin digər növlərinə də rast gəlmək olur. Göyərçinlərin yuva qurduğu yerdə, aşağı temperaturda qışlamaq üçün bəzən  çoxlu miqdarda xırda qəhvəyi-gümüşü kəpənək-göyərçin güvəsi (Tinea columbariella Wk.) tırtıl inkişaf  edir. Buna görə də isti otaqlarda göyərçin güvəsi yalnız bir  nəsil verir. Bəzən  muzey otaqlarına texniki keçə ilə güvələrin digər növləri-kürk (Tinea pellionella L.), keçə (Tinea pallescentella Staint.) güvələri düşə bilər. İlk iki növün tırtılları hörümçək toru kimi yollar etmir, daşınan örtüklərdə yaşayırlar, keçə güvəsinin tırtılları isə boruvarı yollarda yaşayırlar. Kürk güvəsinin  inkişaf şərtləri özlüyündə göyərçin güvəsininki ilə eynidir, keçə güvəsi isə isti otaqlarda nəm keçədə inkişaf edir.
Güvələrlə mübarizə.
Son illər beynəlxalq təcrübədə muzeylərdə ziyanverici həşəratlarla mübarizədə azaldılmış oksigen tərkibli təsirsiz atmosferin istifadəsi geniş yayılmışdır. Bir sıra muzeylərdə  eksponatların qorunmasında və yoluxmuş əşyalarda güvənin məhv edilməsində  ekoloji cəhətdən zərərsiz  üsulun- azaldılmış  oksigen tərkibli təsirsiz qazların(tərkibində 2% oksigen, qalani azot olan  atmosferdə qorunması, 0.5% oksigen, 15% karbon qazı, 84,5% azot tərkibli qazların içində dezinseksiya) tətbiqi geniş yayılmışdır.  Muzeylərdə kimyəvi üsulların tətbiqinin maksimal məhdudlaşmasına baxmayaraq  güvələrlə mübarizədə kimyəvi vasitələrdən tamamilə imtina etmək mümkün olmamışdır. Bununla belə kimyəvi emala ziyanvericinin operativ məhvetmə üsulu kimi baxmaq lazımdır. Insektisidləri (həşəratlar əleyhinə zəhərli kimyəvi maddələr) seçərkən nəzərə almaq lazımdır ki, muzeylərdə həşəratlarla  mübarizə üsulları nəinki insanlar, həmçinin də sənət əsərləri üçün də təhlükəsiz olmalıdır və bu əlavə çətinliklər yaradır. Onu da nəzərə almaq lazımdır ki, məişətdə tətbiqinə icazə verilən güvə əleyhinə maddələrin heç də hamısı  məhz  eksponatların materiallarına mənfi təsir göstərməsi səbəbindən muzey təcrübəsində istifadə edilə bilməz.
Məsələn, son illərədək muzeylərdə, evlərdə və s. yerlərdə güvəyə qarşı mübarizədə naftalin ən yaxşı vasitə hesab edilirdi. Lakin bərpa üçün Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə  gətirilən muzey əşyalarının tədqiqi zamanı naftalinin xalçalarda müxtəlif rəngli ləkələrin əmələ gəlməsinə səbəb olduğu, eləcə də insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşdirildi. Bununla əlaqədar MSXƏEBM xalçaların güvədən və digər ziyanvericilərdən qorumaq üçün  son illər beynəlxalq təcrübədə tətbiq olunan “Gella”- “Ceola”, sulu kimyəvi  preparatlardan – “Mittoks”, “Gela-alfa”, “Lavandalı ekstramit” və s kimi  müasir və daha keyfiyyətli,  ziyansız vasitələrin,  eyni zamanda lavanda evkalipt təbii bitkilərin tətbiqini tövsiyyə edir. Güvə  ilə mübarizə  yalnız yoluxmanın profilaktikasına əsaslanan müntəzəm kompleks yanaşma ilə mümkündür.  Bu gün güvə əleyhinə tədbirlər kompleksi keratintərkibli materialların preventiv(qabaqlayıcı) konservasiyasının ayrılmaz hissəsini təşkil edir.
Kimyəvi vasitələrlə yanaşı güvələrlə mübarizədə aşağı və yüksək temperaturun istifadəsi kimi ənənəvi, qeyri-kimyəvi üsullar geniş tətbiq olunur.
Bunun üçün xüsusi şəraiti olmayan muzeylərdə, eləcə də ev şəraitində
xalça və xalça məmulatlarını hər il yazın sonu- yayın əvvəlində bayırda isti, quru havada 4-5 saatdan az olmamaq və mütləq günorta vaxtını əhatə etmək  şərti ilə  kölgədə qurutmaq qurutmaq lazımdır. Küləkli hava qurutmaq üçün daha əlverişlidir. Qurutma zamanı hökmən məmulatların saxlandığı otaqların, eləcə də tavan  alçaq olarsa onun  tozu dəqiqliklə alınır, zibillər məhv edilir. Qurudulduqdan sonra məmulat güvə qalıqlarından təmizlənir və  onlara reppelent – ürküdücü maddə (“ANMO”, “Raydantimol”, “Gela”)qoyulur.
Güvələri  məhv etmək üçün dondurmaq da olar. Bunun üçün xalçaları xüsusi soyuducu kameralarda  10 saat ərzində-15°C…-20°C temperaturda saxlamaq lazımdır. Daha da əmin olmaq üçün dondurulma 1-2 gün fasilə ilə 2-3 dəfə (4-5 saat) tətbiq oluna bilər. Şkafları yay qurudulmasında olduğu kimi  təmizləmək lazımdır.
Güvələrin piretrum preparatları ilə məhvi mümkündür ki, onlardan da istifadəyə daha  uyğun gələni “K-Otrin”-dir.
Yaz-yay mövsümündə  pəncərələr, nəfəsliklər, ventilyasiya gözlükləri narın tor (dəliklərin diametri 1,5 mm-dən çox olmamalıdır) ilə güvədən və dəri qurdlarından qorumaq lazımdır.
Dəriqurdları. Güvə ilə yanaşı, xalça və xalça  məmulatları üçün dəri qurdlarının sürfələri də təhlükəlidir. Qızdırılan otaqda bu materialları dəri qurdlarının istisevər, quruluğa yaxşı davam gətirən  növləri zərər vurur. Buna görə də güvələrə qarşı olan adi mübarizə üsulları(məsələn, yaz-yay mövsümündə əşyaların qurudulması) dəri qurdlarına  yaramır.
xalçadəriqurdunun (AttagenusunicolorunicolorBrahm) sürfələri 10 mm ölçüdə uzunsov,  uca doğru  tədricən daralmış formada olur,  bədəni  qızılı  yaxud  da  qəhvəyi  sıx, yapıxmış  tükcüklər  və  bir qədər seyrək  biz-biz olan tüklərlə örtülür, bədənin sonunda isə sadə tüklərdən ibarət kiçik qotaz olur. Dişi dəriqurdları 10 gün ərzində  qida materiallarına adətən  tək-tək  onlarla xırda ağ yumurta qoyur. Bu qəbiləyə məxsus dəriqurdları  yumşaq, lifli,  xovlu quruluşda olan materiallara üstünlük verirlər. Təxminən 2-4 həftədən sonra, bəzən bir qədər də gec yumurtalardan yarımşəffaf,  tüklü, hərəkətli  sürfələr çıxır və o dəqiqə qidalanmağa başlayırlar. Orta və böyük yaşlı sürfələr uzun müddət,alabəzək dəri qurdunun  sürfəsi – 1 aya  qədərac qala bilərlər. Attagenusun sürfələri əsasən yapıxmış tüklərlə örtulu olub, xovda gizlənir,ciddi-cəhdlə işıq düşən  səthlərdən qaçırlar. Xalçaların dəriqurdu sürfələri  ilə zədələnməsi  güvə ilə zədələnməyə bənzərdir. Lakin güvənin inkişaf  etdiyi yerlərdə hər zaman  torlu yollar və ya  kürə qrupları şəklində torla bərkidilmiş  ifrazatlı üsküklər  olur, dəriqurdlarının inkişaf etdiyi yerlərdə isə yalnız sürfələrin qabığı  olur, toz şəkilli ifrazatlar isə çətinliklə sezilir və asanlıqla dağılırlar. İnkişafını bitirərək bir qayda olaraq, yazda sürfələr qida yerlərindən uzaqlaşaraq qeyri-qida materiallarına keçirlər və burada puplaşırlar. Təxminən 2 həftədən sonra əmələ gələn böcəklər işığa çıxır və pəncərələrdə, yaxud da işıq lampalarının plafonlarında  yığılırlar. Qidalanmadan   və cütləşmədən sonra dişi böcəklər yumurta qoymaq üçün otağa və  ya  quşların yuvasına uçurlar – çoxlu lələk və quş cəsədləri olan göyərçin yuvaları xüsusilə cəlbedici olur.
Dəriqurdları müqayisə olunacaq dərəcədə gec inkişaf edirlər. Beləki xalça dəriqurdu – 1-2  ilə inkişaf edir.
Dəriqurdları ilə mübarizə. Muzey fondlarının dəriqurdları ilə yoluxması zamanı yalnız kimyəvi üsulla mübarizə aparılmalıdır.
Otaqların piretrum preparatları ilə emalı aparılır ki, bunu da mütəxəssislər həyata keçirməlidirlər.  Bu tədbirin adətən mart- aprel və ya  sentyabr   ayında, yəni dəriqurdu böcəklərinin kütləvi uçuşu zamanı, yaxud sürfələrin  qış mövsümündə könüllü diapauza vəziyyətinə keçməsindən əvvəlki dövrdə həyata keçirmək  daha məqsədəuyğundur.  Yaz-yay mövsümündə açıq pəncərə və nəfəsliklər torla bağlanmalıdır. Muzey binasının yaxınlığında yemişan və spireyanın əkilməsi arzuolunmazdır.

Istifadə olunmuş ədəbiyyat

  1. Cəfər Müciri. Azərbaycan xalçaçılığının texnoloji üsulları. Bakı, 1987
  2.  И. Н. Тоскина, И. Н. Проворова.     Насекомые  в музеях. Москва, 2007

May 03, 2016

Geri