Azərbaycan xalqının musiqiyə olan məhəbbəti onun qeyri-adi musiqi istedadından irəli gəlir.


Azərbaycan xalqının musiqiyə olan məhəbbəti onun qeyri-adi musiqi istedadından irəli gəlir. Qədim zamanlardan başlayaraq müxtəlif dövrlərdə yaradılmış zəngin musiqi irsi, Azərbaycan xalqının hər bir nəslinə xas olan genetik istedadın sübutudur. Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi alətlərimiz uzun tarixi inkişaf yolu keçərək ənənəvi musiqi ifaçılığının və yaradıcılığının bir çox cəhətlərini bu günümüzə gətirib çatdırmışdır. Onlar musiqi mədəniyyətimizin keçmişi ilə gələcəyini əlaqələndirən elementlərdəndir.

Bu gün də səslənən ənənəvi musiqi və musiqi alətləri Azərbaycan milli musiqi təfəkkürünün, bədii yaradıcılığının əsas xüsusiyyətlərini əks etdirir. Eramızdan çox-çox əvvəllərə aid edilən zərb, nəfəs və simli musiqi alətlərinin çoxsaylı növləri tarix boyu inkişaf etmiş, təkmilləşmiş və milli musiqi xəzinəmizin əsasını təşkil etmişdir. Bu xəzinənin inciləri əsrlər boyu xalqımızın mədəni inkişafına və yaradıcılıq fəaliyyətinə xidmət etmiş, onun məişətinə, adət-ənənəsinə bəzək vermişdir.

Avqust 26, 2020

Geri