26 noyabr – AZƏRBAYCAN KƏLAĞAYISI GÜNÜDÜR!


26 noyabr – AZƏRBAYCAN KƏLAĞAYISI GÜNÜDÜR!
Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır!

Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır.
Kəlağayının naxışları ağac və ya metal qəlib vasitəsilə vurulur. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıda əks olunan naxışlar özündə böyük məna ehtiva edir.
Kəlağayılarımız hər zaman naz-qəmzəli, şux yerişli Azərbaycan qadınlarının bənzərsiz gözəlliyinə xüsusi bir sirr, müəmma qatmışdır. Kəlağayılarda şairlərin, aşıqların fəxrlə tərənnüm etdikləri utancaq və ürkək baxışlar, təbəssümlər, qadın simasının gözəllik cizgiləri gizlənmişdir. Milli xüsusiyyətlərimizin əsas daşıyıcılarından biri olan kəlağayımızdan uzaqlaşmağa, ona biganə yanaşmağa haqqımız yoxdur. Çünki onda nənələrimizin nəfəsi, doğmalıq hərarəti var. Məhz buna görə də kəlağayımız var olduqca bu nəfəs də duyulacaq, ruhumuz qidalanacaqdır…
Milli dəyərlərimizin qorunmasına yüksək diqqət və qayğı göstərilən ölkə¬mizdə kəlağayı sənətinin inkişafı da diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyəti nəticəsində kəlağayı sənətinin Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunəsi olduğu beynəlxalq səviyyədə öz təsdiqini tapmışdır. Belə ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir.

Noyabr 26, 2019

Geri