2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib
Bildiyimiz kimi, 2016-cı il Azərbaycanda “Multikulturalizm ili” elan edilib.
Azərbaycanın zəngin mədəni-mənəvi irsə və tolerantlıq ənənələrinə malik olması beynəlxalq aləmdə etiraf edilən həqiqətlərdəndir. Milli-mədəni müxtəlifliyin mövcudluğu və etnik-dini dözümlülük mühiti onu çoxmillətli, çoxkonfessiyalı diyar kimi dünya miqyasında mədəniyyətlərarası dialoqun bənzərsiz məkanı etmişdir.
Tarixi keçmişdə müxtəlif sivilizasiyaların: əhəməni-sasani, roma-bizans, skif-xəzər, türk-oğuz mədəniyyətlərinin kəsişməsində bərqərar olmuş bu diyar Qərblə Şərq, Şimalla Cənub arasında “Qızıl körpü” rolunu oynamış, müxtəlif tarixi dövrlərdə yaşayış üçün əlverişli təbii şəraiti ilə bir çox qəbilə, tayfa və xalqları öz ərazisinə cəlb etmişdir.
Əsrlər boyu Azərbaycan xalqının həyat tərzi olan multikulturalizm artıq Azərbaycanın həyat yoludur. Buna sübut ölkəmizin çoxmədəniyyətli milli-mədəni dəyərlərinə göstərilən diqqət və qayğıdır.
Müasir Azərbaycanda tarixi abidələr, məscidlər, kilsələr, məbədlər, sinaqoqlar dövlət tərəfindən qorunub bərpa olunur. Respublikamızın muzeylərində toplanan dünya incəsənətinə məxsus böyük kolleksiyalar xalqımızın dəyərli milli sərvətidir. Bu kolleksiyaların nümunələrinin qorunması, bərpası böyük dövlət və ictimai əhəmiyyət kəsb edir. Muzeylərimizin ekspozisiya və fondlarında mühafizə edilən eksponatlar Respublikanın Mədəniyyət və Turizm Nazirliyinin Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin bərpaçı-rəssamlarının “qızıl” əllərindən keçib həyata qaytarılır. 59 ildir ki, MSXƏEBM respublikanın 212 aparıcı, ev, rayon tarix-diyarşünaslıq və s. muzeyləri üçün bərpa xidməti göstərir. Bu illər ərzində Mərkəzin bərpaçı-rəssamları 20000-dən artıq müxtəlif növ muzey əşyasını bərpa və konservasiya etmişdir. Bunların sırasında xalqımıza məxsus, eyni zamanda, Azərbaycanda müxtəlif mədəniyyətlərə, millətlərə və dinlərə mənsub olan eksponatlar da var.
Ülviyyə Şirinova
MSXƏBEBM-in elmi tədqiqat şöbəsinin mudiri,
qrafika üzrə bərpaçı-rəssam
Mart 16, 2016
Geri