9 may faşizm üzərində qələbənin 75-ci ildönümü və Əzim Əzimzadənin 140 illiyi qeyd olunur
Bir neçə gündən sonra bir çox ölkələr kimi Azərbaycan da 9 may – faşizm üzərində qələbənin 75-ci ildönümünü qeyd edəcək. 1941-1945-ci illəri əhatə edən və tarixə Böyük Vətən müharibəsi adı ilə daxil olan müharibəyə son verən bu qələbədə Azərbaycan xalqının igid oğul və qızlarının əməyi və qəhrəmanlıqları az olmamışdır.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar. Eyni zamanda bu gün Böyük Vətən müharibəsi dövründə öz yaradıcılığı ilə – müharibə əleyhinə karikatura və plakatları ilə vətənə xidmət göstərən görkəmli xalq rəssam, Azərbaycanda karikatura sənətinin banisi Əzim Əzimzadənin anadan olmasının 140 illiyi tamam olur. Bununla əlaqədar sizə təqdim etdiyimiz, Mərkəzimizdə müxtəlif illərdə bərpa edilmiş müharibə illərini əks etdirən nadir muzey əşyalarının bərpadan əvvəl və bərpadan sonrakı vəziyyətlərini göstərən fotolar hər iki əlamətdar tarixə həsr olunmusdur. Burada Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin çəkdiyi diplom işi, cəbhədən göndərdiyi məktub, 2 dəfə Sovet İttifaqı qəhrəmanı general Həzi Aslanova məxsus geyim nümunəsi, xalq rəssamı Əzim Əzimzadənin müharibə əleyhinə karikatura və plakatları, xalq rəssamı Maral Rəhmanzadənin bu mövzuya həsr olunmuş bir sıra işləri eləcə də, həmin dövrdə Azərbaycanın ictimai xadimlərinin, xalq rəssamlarımızın, ədiblərimizin, bəstəkarlarımızın ağır müharibə illərinə baxmayaraq fəaliyyətlərini davam etdirmələrinə dair faktlar öz əksini tapmışdır. Onu da qeyd edək ki, sizə təqdim etdiyimiz bu fotoşəkillər Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində Böyük Vətən Müharibəsinə aid bərpa olunmuş eksponatların çox kiçik bir qismini əks etdirir.
May 07, 2020
Geri