“Nəsillər üçün qoruyaq” adlı təlim-seminar
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin “Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi tərəfindən muzey əşyalarının saxlanılması və onların dağılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin görülməsinə həsr olunmuş regional sərgi-seminar”ın keçirilməsi haqqında Əmrinə əsasən, 29 sentyabr 2016-cı il tarixində Xırdalan şəhər Heydər Əliyev Mərkəzində Qubadlı, Zəngilan, Şuşa və Abşeron rayonlarında çalışan muzey əməkdaşları üçün Mərkəzimiz tərəfindən “Nəsillər üçün qoruyaq” adlı təlim-seminar keçirildi.
Təlim-seminar Mərkəzin direktoru Zərifə Məlikovanın təqdimatı ilə başladı. Zərifə xanım öncə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi və oranın tədbirdə iştirak edən əməkdaşlarını təqdim etdikdən sonra, bərpaçılığın vacib peşələrdən biri olduğunu diqqətə çatdırdı. O, qeyd etdi ki, xarici ölkələrdən təlim keçmək üçün mərkəzimizə gələn bərpa üzrə mütəxəssislərin özləri belə bərpaçılarımızdan yeni üsullar öyrənərək geri qayıdıblar.
Zərifə xanım açılış çıxışını bitirdikdən sonra, tədbir iştirakçıları özlərini təqdim etdilər. İştirakçılar arasında fikirləri ilə fərqlənərək səmimi müzakirələr aparanlar tədbirin daha maraqlı keçməsinə səbəb oldular. Belə ki, Zəngilan, Xırdalan, Abşeron, Qubadlı Tarix Diyarşünaslıq muzeylərinin direktorları, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru, MSXƏEBM-nin elmi işlər üzrə direktor müavini, Şuşa Üzeyir Hacıbəylinin ev muzeyinin direktoru, Abşeron rayon Heydər Əliyev Mərkəzinin direktoru, Sumqayıt şəhər Tarix muzeyinin baş mühafizi, MSXƏEBM-nin baş mühafizi çıxışlarında öz təcrübələrini bölüşüb, təkliflərini irəli sürdülər. Eksponatların bərpa prosesləri haqqında suallar cavablandırıldı.
Bərpa olunmuş eksponatlardan nümunələr slayd-şou kimi təqdim olundu, MSXƏEBM haqqında hazırlanmış film izlənildi və Mərkəzin “Nəsillər üçün qoruyaq” adlı sərgisinə tamaşa edildi. Sonda iştirakçılar tariximizin izini yenidən “yazan” bərpaçılıq haqqında belə tədbirlərin daha çox keçirilməsini arzuladıqlarını bildirdilər.
Sentyabr 29, 2016
Geri