Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində "Bir kərə yüksələn bayraq!" adlı tədbir keçirilib.
Dövrün, dövlətin, hadisələrin ən önəmli əlamətlərini özündə əks etdirən bayraqlarda ideoloji, siyasi, dini, milli və digər ideyalar daha cəmləşmiş formada öz təcəssümünü tapır.
Azərbaycan Respublikasının Dövlət Bayrağı ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir. 2009-cu il noyabrın 18-də isə Azərbaycan respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncamla 9 noyabr tarixi Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Hər il olduğu kimi bu il də bu əlamətdar tarix müxtəlif tədbirlərlə qeyd olunur. Belə tədbirlərdən biri cari ilin noyabr ayında Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində “Bir kərə yüksələn bayraq!” adı ilə keçirilib.
Fəaliyyəti dövründə Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi müxtəlif muzeylərin toplularında qorunan Azərbaycan xanlıqlarının bayraqlarını, SSR dövrünə aid bayraqları, Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayraqlarından birini bərpa edərək saxlanıldıqları muzeylərə təhvil vermişdir. MSXƏEBM-də keçirilən bayraq gününə həsr olunmuş tədbirdə Mərkəzin əməkdaşları, qonaq qismində İstiqlal muzeyinin direktoru Sədi Müseybli və həmçinin ZOOM vasitəsilə region muzeylərinin əməkdaşları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin sədaları ilə başlanıb.
Mərkəzin direktoru Zərifə Məlikova tədbir iştirakçılarını salamlayaraq, dövlət rəmzlərinin ən başında gələn bayrağın bir xalqın varlığında, təbliğ olunmasında nə qədər önəmli yer tutduğunu vurğulayıb. Müqəddəs vətən bayrağı uğrunda igidlərin canından keçdiyini, lakin bayrağını düşmənə təslim etmədiyini söyləyib.
Sonra mərkəzin direktor müavini İranə İbrahimova Mərkəzimizdə bərpa olunmuş xanlıqlar və Sovet dövrünə aid bayraqlar haqqında təqdimatla çıxış edib.
Ardınca tədbirin qonağı olan İstiqlal muzeyinin direktoru Sədi Müseybliyə söz verilib. O çıxışına başlayarkən MSXƏEBM-nin muzey əşyalarının yaşadılmasında olan böyük rolundan, 1990-cı ildə Qızqalasında dalğalandırılan bayrağımızdan, İstiqlal muzeyi tərəfindən Zəfər Muzeyi üçün 7908 ədəd muzey əşyasının toplanmasından, fond yaradılmasından bəhs edib.
Daha sonra Mərkəzin direktor müavini İranə İbrahimova Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayraqlarından birinin – vaxtilə ADR- in Türkiyə səfirliyinin qarşısında dalğalanmış bayrağın Mərkəzimizdə peşəkarlıqla bərpa olunmasını böyük fəxrlə qeyd edərək, həmin bayrağın bərpa prosesi haqqında video-çarxı təqdim edib.
Tədbirin sonunda MSXƏEBM-nin baş mühafizi Pakizə Almazova Azərbaycan Ordusunun igid oğulları tərəfindən 44 günlük Vətən Müharibəsi zamanı işğaldan azad olunan torpaqlarımızda bir kərə yüksəldilən bayraqlarımızın, bir daha enməyəcəyindən əmin olduğunu bildirərək, bu qürurverici anları əks etdirən videoçarxı təqdim edib.
Noyabr 07, 2022
Geri