MSXƏEBM “Muzey dəfinələri” adlı regional sərgi-seminar keçirib.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin 65 illik yubiley ili çərçivəsində keçirilən silsilə tədbirlərdən biri də 8 dekabr 2022-ci tarixində Saatlı tarix-diyarşünaslıq muzeyində keçirilən “Muzey dəfinələri” adlı regional sərgi-seminar oldu.
Müxtəlif dövrlərə və ölkələrə məxsus numizmatika məmulatları təkcə ödəniş vasitəsi deyil, həm də bir sıra geyimlərin, kəmər, sinəbənd və s. kimi zərgərlik nümunələrinin bəzək elementləri kimi də istifadə olunub.
Mərkəzimiz illər ərzində bir çox muzeylərin toplularına məxsus numizmatika nümunələrinin atribusiya, bərpa və konservasiyasını həyata keçirib.
Sərgi-seminarda MSXƏEBM-nin, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı tarix-diyarşünaslıq muzeylərinin, Heydər Əliyev Mərkəzlərinin və Saatlı Rəsm Qalereyasının əməkdaşları iştirak ediblər.
Tədbirdə Sabirabad regional mədəniyyət idarəsinin Saatlı rayonu üzrə baş məsləhətçisi İlkin Zeynalov və muzeyin direktoru Sürəyya Zeynalova çıxış edərək belə bir təşəbbüs üçün minnətdarlıqlarını bildiriblər. Tədbirdə numizmatika nümunələrinin mühafizə problemləri və yolları barəsində müzakirələr aparılıb, tövsiyələr verilib, Mərkəz tərəfindən aparılan “Bir rublun tarixçəsi” adlı elmi araşdırma təqdim edilib. Sonra bərpaçı-rəssamlar Gündüz Məmmədov və Rasim Cəfərov tədbir iştirakçılarının suallarını cavablandırıblar. Daha sonra, muzeyə və foto-sərgiyə ekskursiya təşkil olunub.
Dekabr 08, 2022
Geri