Xalça, xalça məmulatlarının ziyanvericiləri və onların qorunma üsulları
Zərifə Məlikova,
İranə İbrahimova
Azərbaycan xalçaları möhkəm və uzunömürlü olmalarına baxmayaraq, bir sıra ziyanverici təsirlərə məruz qalaraq öz estetik gözəlliyini və digər keyfiyyətlərini itirə bilərlər.
Muzeylərin ekspozisiya və fondlarında, şəxsi kolleksiyalarda xalçalar təbiət amillərinin və eləcə də ziyanvericilərin mənfi təsirinə məruz qalır. Təbiət amilləri içərisində toz, günəş və rütubət daha çox ziyan verir. Muzeylərdə olan xalça və xalça məmulatları tozu daha asanlıqla hopdurur. Toz muzeylərin daxilinə hava ilə, işçilər, tamaşaçılarla birlikdə gəlir və ya muzeylərin öz daxilində yaranır. Tədqiqatlar göstərmişdir ki, insanlar hərəkətdə və işdə olduqları vaxt onların paltarlarının hər kvadrat santimetrinə minlərlə toz zərrəsi və mikroorqanizmlər toplanır. Toz, hər bir məntəqənin coğrafi, iqlim və təsərrüfat xüsusiyyətləri ilə əlaqədar müxtəlif tərkiblərdə olur. Bakı tozunun tərkibində neft sənayesi mərkəzlərinə və digər sənaye şəhərlərinə xas olan elə zərrəciklər vardır ki, həm xalçaların rəngini dəyişir, həm də kimyəvi maddələr işlətmədən təmizlənmir. Bununla yanaşı Bakı küləyinin güclü olması tozun miqdarını çoxaldır, onun binaların daxilinə keçməsini asanlaşdırır. Müasir araşdırmalara görə ictimai binalarda tozun daxilində olan mikroorqanizmlər həftələr və hətta aylarla yaşaya bilir.
Xovlu xalçalarda bədii tərtibatın daşıyıcısi olan xov, təəssüf ki, həm də xalçanı dağıdan tozun yığılmasına səbəb olur. Bəzi mülahizələrin əksinə olaraq, divardan asılmış və fond otaqlarında saxlanılan xalçalar tozun dağıdıcı təsirinə yerə döşənmiş xalçalardan daha çox məruz qalır. Toz xalçanın hər iki –xovlu və xovsuz növlərinə zərər vurur. Xovlu xalçaların xovunda, arxa tərəfində, sumaxların və digər məmulatların arxa hissəsində, palazların üzündə və saçağında toz müəyyən müddət qaldıqdan sonra tədriclə karkasa keçır. Toz karkasa daxil olduqdan sonra ilmələrə, hətta bu ilmələri yaradan materialın daxilinə nüfuz edir.
Tozun təmizlənməsi dağılma zamanı iplərin müqavimət qabiliyyətini artırır.
Bir neçə təmizləmə üsulları- quru mexaniki, tərkibində üzvi həlledicilər olan su məhlulları ilə və s. mövcuddur. Təmizləmə üsulunun seçılməsi xalçanın saxlanma dərəcəsindən və rənginin davamlılığından asılıdır. Muzey xalçalarının təmizlənməsində neytral yuyucu vasitələrin tətbiqi ilə klassik yuyulma üsullarına daha çox üstünlük verilir. Xalçaların “gilabi” (bentonit gilinin növlərindən biri) kimi vasitələrin tətbiqi ilə ənənəvi xalq üsulları ilə təmizlənməsi daha məqsədəuyğundur. Bu vasitənin digərlərindən üstünlüyü tamamilə neytral, eyni zamanda yüksək təmizləmə qabiliyyətinə malik olmağındadır. Lakin xalçaları yumağa başlamazdan əvvəl məmulatın yuyulmağa davamlılığını yoxlamaq lazımdır. Köhnə, dağılmış, habelə çürümə prosesində olan xalçaları yumaq olmaz. Xovu həddindən artıq sürtülüb getmiş xalçaları da yumaq məsləhət görülmür. Xalçaları yumazdan əvvəl onun rənginin çıxıb-çıxmadığı da yoxlanılmalıdır. Rəngi çıxan xalçaları da yumaq məsləhət görülmür.
Günəş daha çox ekspozisiyada nümayiş olunan xalçalara ziyan vurur. Günəş şüaları şiddətli olduqda xalçalarda oksidləşmə sürətlənir, onun müqaviməti tədricən azalır və rəngləri kimyəvi dəyişikliyə uğrayır. Buna görə də xalça və xalça məmulatlarını gün işığının birbaşa təsirindən qorumaq lazimdir. Eyni zamanda xalçaların qorunması məqsədilə ekspozisiyada suni işıqlandırmada da fasilələrin verilməsi daha məqsədəuyğundur.
Təbiət amilləri içərisində rütubət daha zərərli hesab edilir. Rütubət xalçanı təşkil edən hissəciklərin tərkibinə daxil olaraq onların formasını dəyişir və ümumi müqavimət qabiliyyətini azaldır. Rütubət nəticəsində xalçanın qıraqlarında qatlanma, ara sahəsində qovuqlanma əmələr gəlir.
Xalça və xalça məmulatları təkcə atmosfer amillərindən deyil, həm də ziyanverici həşəratlardan qorunmalıdır.
Xalçalara iki növ həşəratların nümayəndələri: güvələr (Lepidoptera dəstəsi, Tinedae fəsiləsi) və dəri qurdları ziyan vurur.
Güvələr. Azərbaycanda güvənin 48 növü mövcuddur. İsti otaqlarda adətən xalça güvəsinə (Tineola bisseliella Humm.) rast gəlinir. Kəpənəklər qızılı-sarı rəngli, qanadları açıq vəziyyətdə 10-18 mm, ön qanadın üst kənarı tünd-qəhvəyi rəngdə, başı qalın tüklü olur. Güvənin tırtılı yun parçalarda, lələklərdə, tüklərdə, emal olunmamış buynuzda inkişaf edir. Təmiz süni, pambıq və təbii ipək parçalarda inkişaf edə bilmir, lakin eyni zamanda onları zədələyə bilər. Bir müddət un yapışqanlarında yaşaya bilər. Xromla aşılanmış dəridə güvə tırtılı inkişaf etmir. Güvənin kəpənəkləri heç bir şeylə qidalanmır, belə ki, onların xortumları inkişaf etmir, onların vəzifəsi yerləşmək və çoxalmaqdır. Sakit, isti yay günlərində güvə bir neçə on metrlərlə uçaraq digər küçədəki binaları, sahələri yoluxdura bilər. Cütləşmədən dərhal sonra kəpənək 2 həftə ərzində 100 dən çox yumurta qoyur və bundan sonra ölür. Yumurta ağ rəngdə, 0,5mm uzunluqdadır, yəni gözlə güclə seçilir.Kəpənək yumurtalarını ya xalçanın xovu arasında, ya da yanında qoyur. Otaq temperaturunda bir həftədən sonra yumurtadan tırtıl çıxır. Tırtıllar qida axtara-axtara sandıqların, şkafların və s. ən kiçik çatlaqlarına daxil ola bilərlər. Xalça güvəsinin inkişaf müddəti temperaturdan asılıdır: 23° C optimal temperaturda inkişaf, 15° C temperaturdakına nisbətən sürətlə gedir. Aşağı müsbət (+5°C +10°C) onların inkişafına mane olur, şaxta isə güvə üçün məhvedicidir.
İsti otaqlarda 3 nəsil güvə olur, kəpənəklərin uçuşu yanvar-fevral, may və avqust-sentyabr aylarında müşahidə olunur. Azyaşlı tırtıllar uzunmüddətli aclığa davam gətirmir və əgər qida tapmazlarsa, müşahidələr göstərir ki, 1 həftədən sonra ölürlər, lakin orta yaşlı tırtıllar, əgər bütün uyğun qida yeyilibsə, qeyri-aktiv vəziyyətdə xüsusi baramaların içində, bir neçə ay ərzində yararlı qida yaranana qədər aclığa davam gətirir. Tırtıllar puplaşmaq üçün adətən qida mənbəyindən uzaqlaşır və bəzənkəpənəklərin bayıra çıxmaqlarını təmin etmək üçün əhəngli suvağın altındakı qat və ya su sistemi borularının sement örtüyü kimi əhəmiyyətli maneələri dəf edir. Pup 2 həftə inkişaf edir. Kəpənəklər pupdan çıxandan sonra sement və ya əhəngli suvaqda pupun qabığı ilişib qalır. Beləliklə, güvənin və dəri qurdlarının yumurtaları ilə yoluxmuş texniki keçənin sementlə suvaqlanması otağın güvə ilə yoluxmasının qarşısını ala bilmir.
Güvənin digər növlərinə də rast gəlmək olur. Göyərçinlərin yuva qurduğu yerdə, aşağı temperaturda qışlamaq üçün bəzən çoxlu miqdarda xırda qəhvəyi-gümüşü kəpənək-göyərçin güvəsi (Tinea columbariella Wk.) tırtıl inkişaf edir. Buna görə də isti otaqlarda göyərçin güvəsi yalnız bir nəsil verir. Bəzən muzey otaqlarına texniki keçə ilə güvələrin digər növləri-kürk (Tinea pellionella L.), keçə (Tinea pallescentella Staint.) güvələri düşə bilər. İlk iki növün tırtılları hörümçək toru kimi yollar etmir, daşınan örtüklərdə yaşayırlar, keçə güvəsinin tırtılları isə boruvarı yollarda yaşayırlar. Kürk güvəsinin inkişaf şərtləri özlüyündə göyərçin güvəsininki ilə eynidir, keçə güvəsi isə isti otaqlarda nəm keçədə inkişaf edir.
Güvələrlə mübarizə.
Son illər beynəlxalq təcrübədə muzeylərdə ziyanverici həşəratlarla mübarizədə azaldılmış oksigen tərkibli təsirsiz atmosferin istifadəsi geniş yayılmışdır. Bir sıra muzeylərdə eksponatların qorunmasında və yoluxmuş əşyalarda güvənin məhv edilməsində ekoloji cəhətdən zərərsiz üsulun- azaldılmış oksigen tərkibli təsirsiz qazların(tərkibində 2% oksigen, qalani azot olan atmosferdə qorunması, 0.5% oksigen, 15% karbon qazı, 84,5% azot tərkibli qazların içində dezinseksiya) tətbiqi geniş yayılmışdır. Muzeylərdə kimyəvi üsulların tətbiqinin maksimal məhdudlaşmasına baxmayaraq güvələrlə mübarizədə kimyəvi vasitələrdən tamamilə imtina etmək mümkün olmamışdır. Bununla belə kimyəvi emala ziyanvericinin operativ məhvetmə üsulu kimi baxmaq lazımdır. Insektisidləri (həşəratlar əleyhinə zəhərli kimyəvi maddələr) seçərkən nəzərə almaq lazımdır ki, muzeylərdə həşəratlarla mübarizə üsulları nəinki insanlar, həmçinin də sənət əsərləri üçün də təhlükəsiz olmalıdır və bu əlavə çətinliklər yaradır. Onu da nəzərə almaq lazımdır ki, məişətdə tətbiqinə icazə verilən güvə əleyhinə maddələrin heç də hamısı məhz eksponatların materiallarına mənfi təsir göstərməsi səbəbindən muzey təcrübəsində istifadə edilə bilməz.
Məsələn, son illərədək muzeylərdə, evlərdə və s. yerlərdə güvəyə qarşı mübarizədə naftalin ən yaxşı vasitə hesab edilirdi. Lakin bərpa üçün Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinə gətirilən muzey əşyalarının tədqiqi zamanı naftalinin xalçalarda müxtəlif rəngli ləkələrin əmələ gəlməsinə səbəb olduğu, eləcə də insan sağlamlığı üçün təhlükəli olduğu müəyyənləşdirildi. Bununla əlaqədar MSXƏEBM xalçaların güvədən və digər ziyanvericilərdən qorumaq üçün son illər beynəlxalq təcrübədə tətbiq olunan “Gella”- “Ceola”, sulu kimyəvi preparatlardan – “Mittoks”, “Gela-alfa”, “Lavandalı ekstramit” və s kimi müasir və daha keyfiyyətli, ziyansız vasitələrin, eyni zamanda lavanda evkalipt təbii bitkilərin tətbiqini tövsiyyə edir. Güvə ilə mübarizə yalnız yoluxmanın profilaktikasına əsaslanan müntəzəm kompleks yanaşma ilə mümkündür. Bu gün güvə əleyhinə tədbirlər kompleksi keratintərkibli materialların preventiv(qabaqlayıcı) konservasiyasının ayrılmaz hissəsini təşkil edir.
Kimyəvi vasitələrlə yanaşı güvələrlə mübarizədə aşağı və yüksək temperaturun istifadəsi kimi ənənəvi, qeyri-kimyəvi üsullar geniş tətbiq olunur.
Bunun üçün xüsusi şəraiti olmayan muzeylərdə, eləcə də ev şəraitində
xalça və xalça məmulatlarını hər il yazın sonu- yayın əvvəlində bayırda isti, quru havada 4-5 saatdan az olmamaq və mütləq günorta vaxtını əhatə etmək şərti ilə kölgədə qurutmaq qurutmaq lazımdır. Küləkli hava qurutmaq üçün daha əlverişlidir. Qurutma zamanı hökmən məmulatların saxlandığı otaqların, eləcə də tavan alçaq olarsa onun tozu dəqiqliklə alınır, zibillər məhv edilir. Qurudulduqdan sonra məmulat güvə qalıqlarından təmizlənir və onlara reppelent – ürküdücü maddə (“ANMO”, “Raydantimol”, “Gela”)qoyulur.
Güvələri məhv etmək üçün dondurmaq da olar. Bunun üçün xalçaları xüsusi soyuducu kameralarda 10 saat ərzində-15°C…-20°C temperaturda saxlamaq lazımdır. Daha da əmin olmaq üçün dondurulma 1-2 gün fasilə ilə 2-3 dəfə (4-5 saat) tətbiq oluna bilər. Şkafları yay qurudulmasında olduğu kimi təmizləmək lazımdır.
Güvələrin piretrum preparatları ilə məhvi mümkündür ki, onlardan da istifadəyə daha uyğun gələni “K-Otrin”-dir.
Yaz-yay mövsümündə pəncərələr, nəfəsliklər, ventilyasiya gözlükləri narın tor (dəliklərin diametri 1,5 mm-dən çox olmamalıdır) ilə güvədən və dəri qurdlarından qorumaq lazımdır.
Dəriqurdları. Güvə ilə yanaşı, xalça və xalça məmulatları üçün dəri qurdlarının sürfələri də təhlükəlidir. Qızdırılan otaqda bu materialları dəri qurdlarının istisevər, quruluğa yaxşı davam gətirən növləri zərər vurur. Buna görə də güvələrə qarşı olan adi mübarizə üsulları(məsələn, yaz-yay mövsümündə əşyaların qurudulması) dəri qurdlarına yaramır.
xalçadəriqurdunun (AttagenusunicolorunicolorBrahm) sürfələri 10 mm ölçüdə uzunsov, uca doğru tədricən daralmış formada olur, bədəni qızılı yaxud da qəhvəyi sıx, yapıxmış tükcüklər və bir qədər seyrək biz-biz olan tüklərlə örtülür, bədənin sonunda isə sadə tüklərdən ibarət kiçik qotaz olur. Dişi dəriqurdları 10 gün ərzində qida materiallarına adətən tək-tək onlarla xırda ağ yumurta qoyur. Bu qəbiləyə məxsus dəriqurdları yumşaq, lifli, xovlu quruluşda olan materiallara üstünlük verirlər. Təxminən 2-4 həftədən sonra, bəzən bir qədər də gec yumurtalardan yarımşəffaf, tüklü, hərəkətli sürfələr çıxır və o dəqiqə qidalanmağa başlayırlar. Orta və böyük yaşlı sürfələr uzun müddət,alabəzək dəri qurdunun sürfəsi – 1 aya qədərac qala bilərlər. Attagenusun sürfələri əsasən yapıxmış tüklərlə örtulu olub, xovda gizlənir,ciddi-cəhdlə işıq düşən səthlərdən qaçırlar. Xalçaların dəriqurdu sürfələri ilə zədələnməsi güvə ilə zədələnməyə bənzərdir. Lakin güvənin inkişaf etdiyi yerlərdə hər zaman torlu yollar və ya kürə qrupları şəklində torla bərkidilmiş ifrazatlı üsküklər olur, dəriqurdlarının inkişaf etdiyi yerlərdə isə yalnız sürfələrin qabığı olur, toz şəkilli ifrazatlar isə çətinliklə sezilir və asanlıqla dağılırlar. İnkişafını bitirərək bir qayda olaraq, yazda sürfələr qida yerlərindən uzaqlaşaraq qeyri-qida materiallarına keçirlər və burada puplaşırlar. Təxminən 2 həftədən sonra əmələ gələn böcəklər işığa çıxır və pəncərələrdə, yaxud da işıq lampalarının plafonlarında yığılırlar. Qidalanmadan və cütləşmədən sonra dişi böcəklər yumurta qoymaq üçün otağa və ya quşların yuvasına uçurlar – çoxlu lələk və quş cəsədləri olan göyərçin yuvaları xüsusilə cəlbedici olur.
Dəriqurdları müqayisə olunacaq dərəcədə gec inkişaf edirlər. Beləki xalça dəriqurdu – 1-2 ilə inkişaf edir.
Dəriqurdları ilə mübarizə. Muzey fondlarının dəriqurdları ilə yoluxması zamanı yalnız kimyəvi üsulla mübarizə aparılmalıdır.
Otaqların piretrum preparatları ilə emalı aparılır ki, bunu da mütəxəssislər həyata keçirməlidirlər. Bu tədbirin adətən mart- aprel və ya sentyabr ayında, yəni dəriqurdu böcəklərinin kütləvi uçuşu zamanı, yaxud sürfələrin qış mövsümündə könüllü diapauza vəziyyətinə keçməsindən əvvəlki dövrdə həyata keçirmək daha məqsədəuyğundur. Yaz-yay mövsümündə açıq pəncərə və nəfəsliklər torla bağlanmalıdır. Muzey binasının yaxınlığında yemişan və spireyanın əkilməsi arzuolunmazdır.
Istifadə olunmuş ədəbiyyat
- Cəfər Müciri. Azərbaycan xalçaçılığının texnoloji üsulları. Bakı, 1987
- И. Н. Тоскина, И. Н. Проворова. Насекомые в музеях. Москва, 2007
May 03, 2016
Geri